Ötən yazılarımızda azərbaycanlı mühacir Məhəmmədşərif Əfəndizadənin (Türkiyədə Şerif Bilgehan) iki məqaləsini təqdim etmişdik. “Ağdaşlı Osmanlı yazıçısı” və “Türk liseyi üçün uyğun yer tarixi Təbriz şəhəridir” adlı məqalələrimizdə onun iki önəmli yazısını ilk dəfə olaraq gündəmə gətirmişdik. Bu dəfə isə M.Əfəndizadənin “Bakı nefti” adlı maraqlı məlumatlarla dolu yazısını əldə etdik.
Məhəmmədşərif Əfəndizadə 1887-ci ildə Şamaxıda doğulub, buradakı üsuli-cədid məktəbində oxuyub. Orta təhsilini Bakıda rus-türk məktəbində alıb, ardınca İstanbula yollanıb. 1910-cu ildə İstanbul darülmüəlliminin rüşdiyyəsini əla dərəcədə bitirib.Həmin il Osmanlı vətəndaşlığını qəbul edən Məhəmmədşərif Ədirnə və Bursada müəllimlik edib, 1913-cü ildə Osmanlı Maarif Nəzarəti tərəfindən təhsilini artırmaq üçün Avropaya göndərilib.O, İsveçrədə Cenevrə universitetinin pedaqogika şöbəsi olan Jan Jak Russo Tərbiyə İnstitutunda təhsil alıb.1917-ci ildə təhsilini tamamlayan Əfəndizadə həmin il İzmir müəllim məktəbinə müdir təyin edilib. 1919-cu ildə Sivas liseyinə müdir göndərilib, daha sonra isə artıq müstəqil olan Azərbaycana qayıdıb.Hələ təhsil aldığı illərdə Təşkilati-Məxsusə kimi qurumlarda təmsil olunan Əfəndizadə Müsavat partiyası üzvləri ilə əlaqədə olub, onlara müəyyən işlərin görülməsini təklif edib. Azərbaycanda olduğu müddətdə Əfəndizadə Maarif nazirliyində çalışıb, daha sonra Azərbaycanın İsveçrədəki səfiri təyin edilib. Lakin ölkə işğal olunduğu üçün bu təyinat baş tutmayıb və Əfəndizadə Türkiyəyə qayıdıb. Bir müddət Samsunda işləyib, 1924-cü ildə İstanbul Üsküdar kişi liseyində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb. 1952-ci ildə təqaüdə çıxıb. Əfəndizadə 1954-cü ildə vəfat edib.
Teleqraf.com azərbaycanlı mühacirin almanların Bakını ələ keçirmək planlarının olduğu dövrdə qələmə aldığı “Bakı nefti” adlı yazısını təqdim edir:
***
Şərif Bilgəxan
Bakı nefti
Bakı Cənubi Qafqazın şərqində, Abşeron yarımadasının ucunda mühüm bir şəhərdir. Bakının nefti olmasaydı, yenə əhəmiyyətli bir şəhər olardı; zira ümum Rusiyanın İran və Qafqaz ilə olan rabitəsi bu şəhər vasitəsilə olduğu kimi, Türküstan və Orta Asiyanın da qiymətli bir iskələsidir. Bakı limanından hər gün bir çox gəmilər İranın Ənzəli (Pəhləvi) limanına, Türküstanın iskələsi olan Aşqabad şəhərinə, Volqa üzərindəki Astarxana səfər etdikdən başqa, Xəzər dənizi üzərindəki bütün iskələlərlə münasibətdə olan ən böyük liman da Bakıdır. Rusiyadan cənuba enən dəmiryolu xətti də buradan keçdiyi üçün Bakı Rusiyanın Qafqaz və İranla olan qovuşma xətti deməkdir. Düzdür, Rusiyadan cənuba doğru Vladiqafqazdan Tiflisə böyük dağlar arasından və Daryal keçidindən enən bir şosse xətti daha vardır. Fəqət bu yol hərbiyə məxsus olub az bir qüvvətlə hər vaxt qapadıla bilən sarp və təhlükəli bir yoldur. Hər halda iqtisadi və ticari bir keçid deyildir. Bu halda ruslar bir gün Bakını itirərlərsə, ümum Qafqazı qeyb edib, Türkiyə, İran və sair cənub məmləkətləri ilə olan münasibətləri də kəsiləcəkdir. Zira Xəzər dənizi sahilində olan Dərbənd-Bakı yolundan başqa Rusiyadan cənuba doğru digər dəmiryolu xətti təsis etmək də müşkül olacaqdır. Hər nə qədər Dərbənd keçidindən aşağı enən dəmiryolu birbaşa Bakıya deyil, Bakıya bir saatlıq məsafədə olan Hacıqabuldan keçib Tiflisə doğru gedirsə də, burası da Bakı sayılmaqdadır.
Bakının mövqeyi etibarilə bu qədər əhəmiyyəti varkən təbiətin buraya comərdliklə bəxş etdiyi neft də oranın əhəmiyyətini qat-qat artırmışdır. Dünyanın başqa yerlərində olan neft mədənlərini insanlar axtararaq tapıblarsa, Bakıda mədənlər özlüyündən və əsrlərdən bəri meydana çıxmışdır. Köhnə İranın atəşpərəstləri burada atəşgədələr vücuda gətirmiş və bu surətlə bütün Hind və İranın zərdüştləri ayinlər keçirmək üçün hər il buraya minlərlə inanclılarını göndərmişlər. Yerdən tünd maye halında çıxıb yerlilərcə “neft” adlanan bu maddəni məşəllərə bağlanan cındaların üzərinə töküb yandırmaq keçmişdən bəri bu ərazidə yaşayan insanların bildikləri bir işdi. Bu gün hələ də kəndlərdə və qəsəbələrdə gecə ictimalarında küçələr və meydanlar bu surətlə işıqlandırılmaqdadır.
Neft və petrolun əhəmiyyəti ancaq XIX əsrin ortalarına doğru bu maddənin sənayedə istifadəsi kəşf edildikdən sonra artmışdır. Bakı neftini ilk dəfə olaraq yer altından makinələrlə çıxarıb dünyaya göndərənlər avropalılar, xüsusən də ingilislər, isveçlilər və hollandlar olmuşdurlar.
Bakının neft olan yerləri, yəni Abşeron yarımadasındakı ərazi ümum Qafqaz və Rusiyada olduğu kimi üç qismə ayrılır:
Tağıyevdən sonra ən çox neft quyuları olan bir türk də Şəmsi Əsədullayev və uşaqları idi. 1917-ci il inqilabından sonra bolşeviklərin idarəçiliyindəki Bakı neft quyuları hökumətin əlinə keçmiş və bir ara istehsalat tamamilə dayanmışsa da, sonra keçmişdəkindən daha ziyadə çalışaraq və gündən-günə neftli yerlər araşdırılıb quyuların və istehsalatın miqdarı köhnəni iki mislinə çatmışdır. Bununla bərabər ingilislər də boş dayanmayıb Bakıdakı neft quyuları üzərindəki mülkiyyət haqlarını bolşeviklərə tanıtmaq və bunları artırmaqdan bir an geri qalmamışlar. İngilislər 1917-ci ildə səhnəyə çıxarılan bolşeviklərlə əvvəlcə düşmənçiliyə başlamış, 1919-da Kolçak və Denikin qüvvətlərinə yardım etmiş və bir ara yunanlardan belə bir miqdar əsgər tədarük edib Rusiyaya göndərmiş, cənubda Azərbaycan və Gürcüstanı işğal edərək Qafqaz yolu ilə bolşeviklərin İrana doğru olan yollarını kəsməyə təşəbbüs etmişlərsə də, 1920-ci ildə bunlardan vaz keçib bolşevikləri özbaşına tərk etməyi tərcih etmişlərkən, nəhayət, 1925-ci ildə onlarla anlaşıb ticari, sonra isə siyasi münasibətə girişmişdilər. Fəqət rəsmi müzakirələrə girişmədən əvvəl Bakıdakı neft hissələrini artırmış və onlar üzərindəki haqlarını müzakirə əsnasında bolşeviklərə tanıtmaq məqsədilə hərəkət edən ingilislər inqilabdan sonra xaricə qaçmış bir çox türk, erməni neft sahiblərini tapmış, onlara az miqdar pul verərək hissə və haqlarını satın almışlardı ki, bütün bu işlər ingilis-amerikan neft şirkəti müdiri, məşhur holland Diterlinqin zəka və əlilə vücuda gətirilmişdi. Diterlinq təkcə şəxslərə aid hissə və quyuları almaqla yetinməmiş Parisdə olan əski Azərbaycan mürəxxəs heyətinə də müraciət edib onlardan da Azərbaycan dövlətinə aid bir çox neft ərazisini satın almışdılar. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra bir-iki ildən bəri Parisdə pulsuz qalmış bu heyəti-mürəxxəsə üzvləri əllərində olan keçmiş səlahiyyətnamələrinə istinadən milyardlar qiymətinə olan dövlətə aid ərazini 3,5 milyon frank müqabilində Diterlinqə satmış və bu pullarla Avropadakı dəbdəbəli həyatlarını bir müddət daha uzada bilmişdilər. Hasili bu surətlə əldə edilən ingilis-amerikan şirkətinə aid haqlar müzakirə əsnasında boleşviklərə də qəbul etdirilmiş və beləcə məzkur şirkət Bakı neft yerlərinin üçdə birinə yaxın bir miqdarına sahib olmuşdur. Bolşeviklər bir neçə ilə qədər bu müzakirədə qəbul etdikləri ingilis haqlarına riayət edib onlara nefti vermişlərsə də, sonradan ixtilaflar çıxarıb, zaman-zaman onları tanımaqda və verməkdə bəhanələr göstərmişlər.
Bu halda indi bu günlərdə ətrafında müharibə olacağı təxmin edilən Bakının neftinin mühüm bir qisminin hüquqən sahibi ingilis-amerikan şirkətidir. Bu yerlərin almanların əllərinə keçməsi ingilisləri iki cəhətdən zərərə məruz qoyacaqdır: Bu hərbdə almanların neft baxımından zəngin olmaları; İngilislərin haqlarını tanımayacaqlarını da xatırladıla bilər.
“Tanrıdağ” jurnalı, sayı 11, iyul 1942
P.S. Bu məqalənin sonunda jurnalın sahibi Rza Nur Azərbaycan nefti ilə bağlı Əlimərdan bəy Topçubaşovun ingilislərlə anlaşmasına şahid olduğunu yazıb, onu sərt tənqid edib.
Unutmayaq ki, Məhəmmədşərif Əfəndizadə Azərbaycan Cümhuriyyəti qurucularına aşırı mənfi münasibəti ilə tanınır. Onun müəllifi olduğu “Azərbaycan və inqilabı” kitabı və əlyazmalarında liderlərə həqarətə yaxın ifadələr də yer alıb. Ona görə də nə qədər maraqlı şəxsiyyət olsa da, yazılarındakı iddialar dəqiqləşdirilməlidir. Əlimərdan bəy Topçubaşının rəhbəri olduğu Azərbaycan mürəxxəs heyətinin neft məsələsi ilə bağlı ingilislərlə əlaqələrinə dair geniş məlumat üçün Giorgi Mamulia ilə Ramiz Abutalıbovun müəllifləri olduğu “Odlar Yurdu. Azərbaycan mühacirətinin siyasi tarixi (1920-1945)” adlı kitabının 222-233-cü səhifələrinə baxmaq gərəklidir.