22 İyul 2023 14:26
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətnin ən kiçik vahidi sözdü. Klassiklər sözə yüksək qiymət veriblər - “Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl...” kimi…

Zəmanə dəyişdi, qardaşım. İndi söz var, sov var, söz-söhbət, söz-sov var - bərəkət yoxdu, yəni mətn yoxdu. Mətn ölüm ayağındadı. Onu xilas etmək olarmı? Mətni söz-sovun əlindən əlmaq mümkünmü?

Mətn yoxdu, çünki cümlə yoxdu. Hər şey cümlədən başlayır! Cümlə yaza bilmirsənsə - heç nə yaza bilmirsən. Cümlə yoxdusa - söz də yoxdu, mətn də olmayacaq, heç olan da deyil.

Bu yaxınlarda kino festivalı keçirdilər, teatr festivalı keçirdilər - ədəbiyyata göz atan olmadı. Ciddi söz, cümlə, mətn sənəti olan ədəbiyyat heç vaxt indiki qədər aşağı rəfə, aşağı səfə qoyulmayıb. Çünki hər şey var, mətn istisna... Olsa, əl-ayağa düşərlər.

Mətn yoxdusa, müəllif yoxdu. Müəllif yoxdusa, şəxsiyyət yoxdu, şəxsiyyət yoxdusa... Ax, üzüşağı nə gedir, axıracan gedəsən!

Alber Kamyunun “Taun” romanında Jozef Qranı dəhşətli epidemiyadan xilas eləmiş cümləni xatırlayırsınız? Həmin o sehirli cümlə... “Gözəl bir may səhəri şux qamətli bir amazon qızı yaraşıqlı amazon atına minib meşənin gül-çiçəyə qərq olmuş xiyabanları ilə gəzişirdi...” Öz əlyamasından bircə bu cümləni tez-tez təkrar eləməyi xoşlayan Qran xəstələnəndə ruhdan düşür və əlyazmanı yandırır, sağaldıqda isə həkimə deyir: “Eh, həkim, dünən nahaq iş gördüm. Amma yenə yazacam. Hamısı yadımda qalıb...”

Susan qardaşlar, tətil bitdi. Cümlənin vaxtıdı.

Sadəlövh görünsəm də, yazacam: məni sarsıtmış ilk fəlsəfi cümlə - mən orta məktəbdə oxuyanda dərslikdəki tərif olub. Bu: “Bitmiş bir fikri ifadə edən sözə və ya söz birləşməsinə cümlə deyilir...”

Deyəsən, dərsliklərdə indi cümlənin tərifi dəyişib.

Kim deyir jurnalistikanın əsası xəbərdi? Kim hər şeyi xəbərə çevirdi? Adaş, belə olmaz, dadaş, belə olmaz... Bu təmələ bu daşı kim qoyub?..

Xəbəri hamı istehsal eləyə bilər e, cümləni yazmaq olmur! Yazı cümlədən başlayır. Reрortaj, köşə, müəllif yazısı, araşdırma, təhlil cümlədən qurulur. Tikilir. Bəli, tikilir. “T” ilə.

Cümləmizi yazaq, mətnimizi xilas edək. Yoxsa CÜMLƏMİZ batacağıq, yəni hamımız...

Cümlə yaza bilənlər, bayramınız mübarək!


Müəllif: Qurban Yaquboğlu

Oxşar xəbərlər