Rusiya regionda dayanıqlı sülhə nail olmaq üçün əlindən gələni edir və bu, tam olaraq Cənubi Qafqaza da aiddir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasına münasibət bildirərkən deyib.
“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin irəli aparılmasında maraqlı olaraq qalır. Xüsusi hərbi əməliyyat səbəbindən Moskva üçün xarici siyasətin hansısa istiqamətlərinin prioritetinin azalması barədə açıqlamalar faktiki əsasa sahib deyil. Son aylar Rusiyanın iştirakı ilə yüksəksəviyyəli bir sıra təmaslar keçirildiyi halda, ölkənin fəallığının enməsi barədə necə söhbət gedə bilər?”, - deyə Zaxarova qeyd edib.
Qeyd edək ki, Paşinyan iyulun 25-i bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsində Rusiyanın danışıqlardakı fəallığı azalıb.