4 Avqust 2023 19:40
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Meşəlidə qətliam törədən cinayətkarlar qanun qarşısında cavab verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu “Srebrenitsa Anaları” Assosiasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç deyib.

O, müharibə cinayətkarı Vaqif Xaçatryanın ələ keçirilməsi münasibətilə Meşəli kəndinin analarına üz tutaraq bildirib ki, onlar məhkəmələrə gedib cinayətkarın üzünə baxsınlar və ona desinlər ki, törətdiklərinə görə mühakimə olunmaq, cavab vermək anı yetişib.

“Hörmətli qurban ailələri, sizə sevgi və salamımı çatdırır, həmçinin, sizi müharibə cinayətkarını ələ keçirdiyiniz və onu ədalətə təslim etdiyiniz üçün təbrik edirəm. Oğullarınızı öldürən, sizdən alan, onlara işgəncə verən cinayətkarların qanun qarşısında cavab verməsi çox vacibdir. Yalnız haqq və ədalət uğrunda mübarizənizi davam etdirsəniz, bu, baş verəcək. Cinayətkarların oğullarınıza qarşı törətdikləri cinayətlər barədə məhkəmədə ifadə verməlisiniz. Əziz analar, siz mübarizə aparmalısınız, haqq-ədalət uğrunda mübarizədən əl çəkməməlisiniz. Məhkəməyə gedin, cinayətkarın gözünə baxın və ifadə verin. Ona deyin ki, törətdiklərinə görə cavab verməyin vaxtı çatıb”.

“Uşaqlara qisas və nifrət öyrətməyin, onları tərbiyə edin, elə bu, sizin qələbəniz olacaq”, - deyə əlavə edib.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər