“Siyasətdə inam əsasında taktika, yaxud etimada yönəlmiş strategiya yalnız Azərbaycanın Türkiyə, Pakistan və İsraillə qarşılıqlı əlaqələrində ola bilər. Digər dövlətlərlə əlaqələrimizə gəlincə, bunlarda bizim yalnız maraqlarımız var”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında jurnalist Elçin Alıoğlu deyib.
“Kimlərsə Cənubi Qafqazda sülh stabilliyin bərqərar olmasına, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya-demarkasiya edilməsinə, yekun sülh sazişinin imzalanmasına və qarabağlı ermənilərin inteqrasiya prosesinə müsbət töhfəsini vermək istəyirlərsə, buyursunlar.
Hazırda danışıq üç formatda aparılır: Brüssel, Vaşinqton və Moskva. Onlar hər üç istiqamətdə danışıqlara moderatorluq və əsas vasitəçi olmaq istəyən tərəflərdir. Yəni ABŞ, Rusiya və Avropa İttifaqı təşəbbüsü ələ almağa, prosesləri öz strategiyaları çərçivəsində idarə etməyə çalışırlar. Bunu görürük, mane olmuruq. Çünki bu formatlar arasında aşkar rəqabət gedir. Hər bir rəqabətdə qarşı tərəfi üstələmək cəhdləri var. Azərbaycan isə onu razı sala biləcək yeni variantların olmasını istəyir. Ona görə də rəqabət nə qədər güclü olarsa, bu, bizim xeyrimizədir. Azərbaycan həmişə olduğu kimi soyuqqanlı və praqmatik siyasət yürüdür, bu vəziyyətdən maksimum faydalanmağa çalışır”, - jurnalist bildirib.
Geosiyasi aktorların maraqlarına gəlincə, Elçin Alıoğlu qeyd edib:
“ABŞ istəyir ki, danışıqlarda əsas vasitəçi olsun və təşəbbüsü ələ alsın, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarasın. Rusiya isə Cənubi Qafqazda qalmağı, sülhməramlı kontingentinin 2025-ci ildən sonra da Azərbaycan ərazisində saxlamağı, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını mümkün qədər uzatmağı arzulayır. İstəyi Azərbaycan və Ermənistana təyziq mexanizmlərinin qoruyub saxlamaq, münaqişəni mümkün qədər irəli aparmaqdır. Bu, “parçala, hökm sür” taktikasıdır, köhnəlmiş üsuldur. Biz də bunu bildiyimiz üçün adekvat addımlar atırıq.
Münaqişə hər an alovlana bilər. Ona görə ordumuzu daim döyüşə hazır vəziyyətdə saxlamalıyıq. “Müharibə nə qədər realdır” sualına cavab axtarmalıyıq. Müharibə hər zaman ola bilər, amma reallıq ehtimalı çox aşağıdır. Ermənistan müharibə istəyə bilər, hətta istəyir. Amma reallığa baxsaq, Ermənistanın müharibə aparmağa gücünün olmadığını görəcəyik. Hindistanla imzalanmış 400 milyonluq hərbi-texniki əməkdaşlıq sazişi, Fransadan alınan zirehli transportyorlar, yaxud İrandan alınan PUA-lar “Ermənistanın hərbi potensialı var” demək deyil. Biz o silahların yerini, koordinatlarını və necə daşındığını bilirik.
Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başlayarsa, Azərbaycan ordusunu və Silahlı Qüvvələrini demirəm, sadəcə bir korpus vasitəsilə biz Ermənistanı darmadağın edəcəyik. BMT Nizamnaməsinin müvafiq müddəalarına uyğun olaraq, Azərbaycan zəruri özünümüdafiə tədbirlərini görmək məcburiyyətində qalacaq.
Cənubi Qafqazda yenidən hərbi əməliyyatlar başlayarsa, Ermənistana heç kim kömək etməyəcək. Heç kim ermənilərin əvəzinə gəlib Azərbaycanda döyüşməyəcək, bunu ermənilər də bilirlər”.