“Azərbaycan-Ermənistan sülh danışıqlarında fasilə yaranıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirsə də, sülh sazişindən yayınaraq ərazimizdə separatizmi dəstəkləyir:
“Ermənistanla danışıqlarda fasilə yaranıb. İrəvan sərhəddə “humanitar yardım şousu” ilə Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırmağa çalışır. Yəni prosesdəki durğunluqdan birbaşa Ermənistan rəhbərliyi məsuliyyət daşıyır. Baş verənləri görən və nə baş verdiyini anlayan Avropa İttifaqı və ABŞ isə Ermənistana təzyiq etmək yerinə artan gərginliyi sükut içində izləyir.
Ermənistan rəhbərliyi Qarabağla bağlı mövqeyində dəyişiklik etməsə, Azərbaycan Zəngəzur məsələsində öz mövqeyini ortaya qoyacaq. Ayrıca, İrandan sonra Rusiya da Zəngəzurda konsulluq açmağı planlaşdırır. Həmçinin Avropa İttifaqı mülki müşahidə missiyası üçün ofis açır. Məqsədin Zəngəzur dəhlizi ilə bağlı məsələdə Azərbaycana təzyiq olduğunu düşünürəm. Bir sözlə, Avropa İttifaqı və ABŞ vasitəçi kimi öz üzərlərinə düşəni etməsələr, məsələni Azərbaycanın özü həll edəcək.
Hazırda Qarabağın dağlıq hissəsindəki silahlı ünsürlər qalır və onlar zaman-zaman Azərbaycan ordusunun mövqelərinə qarşı təxribata sövq edilirlər. Bu durum da sülhə əngəl yaradır. Zənnimcə, Bakı növbəti mərhələdə bu məsələni çözəcək”.
Azərbaycan gələn aydan konkret addımlar atacaq. Ermənistan rəhbərliyi son kartlarından istifadə edir. Durum bu məcrada davam etsə, hərbi əməliyyatla bərpa edilə bilər”.