Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak Prezident Vladimir Zelenskinin sülh düsturunun həyata keçirilməsi ilə bağlı xarici diplomatik qurumların nümayəndələri ilə beşinci görüşün keçirildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Ukrayna rəsmisi ilk dəfə olaraq 16 ölkənin diplomatlarının müzakirəyə qoşulduğunu bildirib.
Səfirlərlə görüşdə sülh formulunun “Enerji təhlükəsizliyi” və “Müharibənin genişlənməsinin və təcavüzün təkrarlanmasının qarşısının alınması” bəndlərinə toxunulub.
Videokonfrans formatında keçirilən görüşə Yaponiya, Polşa, Cənubi Afrika Respublikası, Böyük Britaniya, Misir, Braziliya, Kanada, Cənubi Koreya, Hindistan, Almaniya, ABŞ və Türkiyənin səfirləri və diplomatik missiyaların nümayəndələri iştirak ediblər.
Yermak görüş zamanı bu formata ilk dəfə qoşulanlara, yəni 16 ölkənin – Azərbaycan, Avstriya, Belçika, Əlcəzair, Portuqaliya, Ekvador, Xorvatiya, İsveçrə, Qvatemala, Yunanıstan, İrlandiya, İslandiya, Macarıstan, Monteneqro, Yeni Zelandiya və Efiopiya nümayəndələrinə ayrıca təşəkkür edib.
Ümumilikdə iclasa 58 ölkənin nümayəndəsi qatılıb. Ali Radada keçirilən sonuncu tədbirdə 43 ölkə təmsil olunmuşdu.
Yermak avqustun 5-də Səudiyyə Ərəbistanında (Ciddə şəhəri) keçirilən beynəlxalq konfransın nəticələri barədə xarici diplomatları məlumatlandırıb.