Ermənistan, Qarabağ separatçıları, erməni lobbisi və onlara dəstək verən mərkəzlər Laçın yolu mövzusunu beynəlmiləlləşdirməyə çalışırlar. BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələrin qayəsini bu təşkil edirdi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri xatırladırlar ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənəd qəbul edilməyib:
“Bu, mümkün də deyildi. Çünki qətnamənin qəbulu üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin yekdil qərar verməsi lazım idi. Bu isə indiki şəraitdə mümkün deyil. Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çin hər zaman digər 3 üzv – ABŞ, Fransa və Böyük Britaniyanın təkliflərinin əleyhinə səs verirlər. Rusiya-Ukrayna müharibəsi fonunda ikiyə ayrılan qütbün münasibətləri daha da gərginləşib. Ona görə də, daimi üzvlərdən birinin – Fransanın Ermənistan və Qarabağ separatçılarının xeyrinə qəbul etmək istədiyi sənədə Rusiya dəstək verməyəcək, veto hüququndan istifadə edəcəkdi. Bunun digər səbəbi Moskvanın ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallığından keçirdiyi narahatlıqdır.
BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə ABŞ və Britaniyanın da maraqlarına cavab vermirdi, hər ikisinin Azərbaycanla strateji tərəfdaşlığı var. ABŞ və Britaniyanın BMT-dəki təmsilçiləri sadəcə “Laçın yolunun açılması”nın vacibliyini bildirdilər, eyni zamanda alternativ yolların istifadəsini də mümkün saydılar.
Ümumiyyətlə, Təhlükəsizlik Şurasında “Ağdam-Xankəndi yolu” ifadəsinin tez-tez səslənməsi faydalı idi. Vaşinqton və London Azərbaycana qarşı hər hansı sənəd qəbul etməməklə Bakı ilə münasibətləri korlamaq istəmədi, “Laçın yolu açılmalıdır” deməklə isə İrəvanı razı salmağa çalışdılar. Albaniyanın BMT-dəki təmsilçisinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çıxışı isə iki ölkə arasındakı münasibətlərin inkişafı üçün yaxşı zəmindir”.
Bundan sonra nə olacaq?
“Atlas”ın ekspertlərinin fikri belədir:
“Ermənistan hakimiyyətinin nümayəndələri BMT-də Azərbaycan əleyhinə hansısa qətnamənin qəbulunu məğlubiyyət kimi qiymətləndirməyəcək, “biz mötəbər beynəlxalq təşkilatda Qarabağ ermənilərinin mövcud durumu və Laçın yoluyla bağlı müzakirələrə nail olduq” fikrini əsas tutacaqlar. Ancaq zaman keçdikcə bu müzakirələr unudulacaq, reallıq isə dəyişməyəcək: Qarabağ erməniləri Ağdam-Xankəndi yolundan istifadə etməli və Azərbaycan qanunları ilə yaşamalıdırlar! Bu məsələdə güzəşt olmayacaq.
Laçın yolu ilə bağlı da manevr imkanlarımız var, hansı şərtlər daxilində bu yoldan daşınmanın mümkün olduğunu müəyyənləşdirməli və bəyan etməliyik ki, ermənilərin böyük dövlətlər və beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana mümkün təzyiqlərini heçə endirək.
BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bizi iki hədəfimizdən yayındırmamalıdır: iki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsinə nail olmalıyıq və Qarabağ separatçılarını tərksilah etməliyik”.