“Azərbaycan Dövlət Sərhəd Xidmətinin iyulun 12-də Laçın sərhəd-keçid məntəqəsinin fəaliyyətinin qaçaqmalçılıq faktlarına görə müvəqqəti bağlandığını elan etdikdən sonra ortaya Qarabağda humanitar vəziyyətin pisləşdiyi iddiası atıldı. Avqustun 16-da isə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası keçirildi. İclas Ermənistanın təşəbbüsü ilə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun bəyanatından sonra çağırıldı. Müzakirədə çıxış edən ölkələrin təmsilçiləri “humanitar böhran”ın yaşanmasından narahat olduqlarını və Laçın koridorunun açılmasını, o cümlədən, bölgədə dialoqun davam etdirilməsi üçün töhfə verməyə hazır olduqlarını bildiriblər. Halbuki Qarabağda sülhə yönəlik təhlükə, sülhün pozulması, soyqırım və ya təcavüz kimi faktlar mövcud deyil”.
Bunu Teleqraf.com-a açıqlamasında beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova deyib.
Hüquqşünas deyir ki, bəzən Təhlükəsizlik Şurasının iş prinsipi yanlış şərh olunur: “Çoxları sözügedən iclasda hər hansı bir sərt qətnamənin çıxarılacağını gözləyirdi. Yalnız sülhə yönəlik təhlükə, sülhün pozulması və ya təcavüz faktları aşkar edildikdə BMT Nizamnaməsinin 7-ci hissəsində nəzərdə tutulan sanksiyaları tətbiq etmə səlahiyyəti yaranır. Qarabağdakı hazırkı vəziyyət isə “humanitar kriz” kimi şərh olunur. Böyük ehtimalla Təhlükəsizlik Şurası Qarabağa fakt araşdırma missiyası təyin edəcək.
Bu missiya Nizamnamənin 39-cu maddəsinə müvafiq olaraq, bölgədə sülhə yönəlik təhlükə, sülhün pozulması və ya təcavüz faktlarının olub-olmadığını araşdıracaq. Vəziyyət müəyyən edildikdən sonra qətnamə, birgə bəyannamə, sədrin bəyanatı və ya mətbuat bəyanatı qəbul edilə bilər. Böyük ehtimal ki, qəbul ediləcək sənəd tövsiyə xarakterli olacaq. Ortada hər hansı bir anlaşmazlıq varsa, Nizamnamənin 6-cı hissəsinə müvafiq tədbirlər nəzərdə tutulur və bu tədbirlər tamamən tövsiyə xarakteri daşıyır.
BMT Nizamnaməsinin 39-cu maddəsinə dair faktlar müəyyən edildikdə belə, sərt tədbirlərə keçməzdən əvvəl ilkin olaraq müvəqqəti tədbirlərə müraciət edilir. Əgər nəticə əldə edilməzsə, daha sonra Nizamnamənin 41-ci maddəsinə müvafiq olaraq iqtisadi və ya diplomatik əlaqələrin kəsilməsi kimi tədbirlərə əl atılır. Hansı ki, bu tədbirlər ölkələrin bir-birləri ilə olan siyasi və ya iqtisadi əlaqələri səbəblərindən böyük ölçüdə istifadə olunmur.
İndiyə qədər ən böyük iqtisadi sanksiya Küveyti işğal etdikdən sonra İraqa qarşı tətbiq edilmişdi. Çünki ortada həm işğal faktoru, həm də humanitar böhran mövcud idi.
İlk ən böyük diplomatik sanksiya isə 1965-ci ildə Rodezyada milli azlıqların birtərəfli müstəqillik elan etməsindən sonra bu ölkəyə qarşı tətbiq edilmişdi. Təhlükəsizlik Şurası qəbul etdiyi iki qərarla üzv dövlətləri qeyri-qanuni rejimi tanımamağa, yardım etməməyə, bütün iqtisadi və hərbi əlaqələri kəsməyə çağırmışdı.
BMT üçün ölkələrin ərazi bütövlüyü və suverenliyi hər zaman ön plandadır. Son olaraq iqtisadi tədbirlər kifayət qədər nəticə vermədikdə, Nizamnamənin 42-ci maddəsinə müvafiq olaraq silahlı müdaxilə ilə bağlı qətnamə qəbul edilə bilir.
Bəziləri beş daimi üzvün “veto” hüququnun qərarı blok edə biləcəyini qeyd edirlər. Ancaq Təhlükəsizlik Şurasının prosessual qərarları xaricində digər bütün qərarları doqquz üzvün müsbət səs çoxluğu ilə qəbul edilir. Onu da qeyd edim ki, BMT-nin ilk silahlı müdaxiləsi Şimali Koreya qarşı Cənubi Koreyanın işğalı zamanı həyata keçirilmişdi, onda hərəkat daha çox ABŞ tərəfindən kontrol edilirdi”.
Ekspert Təhlükəsizlik Şurasının iclasından sonra Ermənistanı narahat edən məqamlara da toxunub: “Ermənistanı BMT TŞ-nın qəbul edəcəyi sənəddə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qeyd edəcəyi məqam narahat edir. Ehtimal olunur ki, Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın tərkib hissəsi kimi bir daha tanınması müqabilində, rəsmi Bakı Laçın yolunu açmağa hazır olacaq. Çünki Ermənistan yaxşı bilir ki, Təhlükəsizlik Şurasının bütün sənədlərinin hüquqi qüvvəsi var və bu, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə hüququna istinad etmələrinə əngəl olacaq.
Sual olunur, əgər Ermənistan üçün həqiqətən də məsələ “humanitar böhran”dırsa, o zaman nədən Azərbaycanın alternativ marşrut təklifini rədd edir? Düşünürəm ki, Ermənistan daha çox BMT-nın humanitar müdaxiləsinə ümid edir.
Bir dövlətin daxilində insan hüquqlarının pozulması faktları aşkar edilərsə (soyqırım, müharibə cinayətləri, etnik təmizləmə, bəşəriyyət əleyhinə cinayətlər və s.), yalnız o zaman Təhlükəsizlik Şurasının 1674 (2006) saylı qərarına istinad edilir və bir neçə dövlətin dəstəyi ilə humanitar müdaxilə həyata keçirilir. Məsələn, Bosniyanın müsəlmanlar yaşayan bölgələrinin serblər tərəfindən mühasirəyə alınması nəticəsində bölgədə əsil humanitar böhran və soyqırım yaşanırdı. Bu zaman UNPROFOR personalı tərəfindən bölgəyə müdaxilə edildi. Qarabağda isə belə faktlar mövcud deyil. İndiyə qədər bəşəriyyət əleyhinə ən böyük cinayətlərdən biri Xocalıda yaşanıb”.