“Yalnız axmaqlar BMT Təhlükəsizlik Şurasının toplantısında Azərbaycana qarşı qətnamənin qəbul ediləcəyini düşünə bilərdi”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində deyib.
Ekspert Ermənistan rəhbərliyinin qərbpərəst siyasətinin Rusiyanı Türkiyə və Azərbaycana yaxınlaşmağa məcbur etdiyini bildirib:
“Ermənistanın Moskva ilə təmaslarını itirməsi narahatlıq doğurur, o, Qərbə ümid bəsləyir. Deyir ki, Qərb bizə kömək edəcək. Qərb kömək etməyəcək. Moskva hələ də güclüdür, Moskvanı Bakı və Ankaranın qucağına sıxışdırmaq olmaz”.
Tarasov Ermənistanın Laçın yoluna Rusiya sülhməramlılarının nəzarət etməli olduğu iddiasına cavabında söyləyib ki, bununla bağlı əlavə anlaşma lazımdır, 10 noyabr bəyanatı buna imkan vermir:
“Aydın olmayan məqamlar çoxdur. 10 noyabr bəyanatında aydın olmayan və qeyri-müəyyən ifadələr var. “Laçın dəhlizi”nə kim nəzarət etməlidir? Erməni tərəfi israr edir ki, Rusiya sülhməramlıları. Amma Rusiya tərəfi sülhməramlıların statusunu və onların müvəqqəti səlahiyyətlərinin həddini aydınlaşdırmaq üçün ayrıca üçtərəfli görüş çağırmağın zəruri olduğunu təklif etdikdə Bakı və İrəvan bundan imtina edir”.
Rus politoloq bu səbəblərdən ermənilərin şikayətlərinin yersiz olduğunu vurğulayıb.
Tarasov BMT Təhlükəsizlik Şurasının son iclasında Azərbaycana qarşı qətnamənin qəbul ediləcəyinə inanan erməniləri “axmaq” adlandırıb:
“Bu müzakirələr zamanı qətnamənin qəbul oluna biləcəyini ancaq axmaqlar düşünə bilərdi. Müzakirə BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərdən birinin təşəbbüsü ilə olsa, qətnamə qəbul edilə bilər. Sessiya isə yalnız Ermənistanın xahişi ilə çağırılıb”.
Müsahibə anti-Azərbaycan fikirləri ilə doludur. Ermənipərəst mövqeyi ilə seçilən Stanislav Tarasov bu dəfə də “köhnə ənənə”sinə sadiq qalaraq, erməni jurnalistin təxribatçı suallarını eyni səpkidə cavablandırıb.