Paytaxt Bakıda yaşayan 17 yaşlı Zəhra Nəsirli Türkiyənin xarici tələbə qəbulu imtahanından 500 bal toplayaraq Ankara Universitetinin Tibb fakültəsində təhsil almaq hüququ qazanıb.
Teleqraf.com xəbər verir ki, kiçik yaşlarından həkim olmaq istəyən Zəhra tibb təhsilinin daha yaxşı olduğunu araşdırıb öyrəndiyi Türkiyədə universitetə daxil olmaq qərarına gəlib.
Bu məqsədinə çatmaq üçün Zəhra 2023-cü il yanvarın 29-da Türkiyənin Ali Təhsil Şurası (Yükseköğretim Kurulu - YÖK) tərəfindən 13 ildən sonra ilk dəfə keçirilən TR-YÖS-ə daxil olub. O, ədədi qabiliyyət testindən 40, əsas riyaziyyat testindən 40 olmaqla ümumilikdə 80 suala düzgün cavab verərək 19 min 222 namizəd arasında birinci yeri tutub.
İmtahandakı uğuru ilə uşaqlıq arzusuna bir addım daha yaxınlaşan Nəsirli Xaricdəki Türklər və Qohum İcmaları Rəyasət Heyətinin (YTB) təqaüdü ilə Ankara Universitetinin (AU) Tibb fakültəsinə müraciət edib.
Ankara Universitetinin rektoru professor Necdet Ünüvar avqustun 23-də son qeydiyyat üçün ailəsi ilə birlikdə Türkiyəyə gələcək Zəhra Nəsirli ilə onlayn görüşüb.
“Azərbaycanlı qardaşlarımız və Türkiyədən olan dostlarımız Azərbaycanın səhiyyəsində çox mühüm rol oynayırlar. Ümid edirəm ki, Zəhra da onlardan biri olacaq” deyə, rektor bildirib.
Ünüvar onlayn görüşdən sonra verdiyi açıqlamada Türkiyədəki universitetlərin əcnəbi tələbə qəbulu üçün imtahanlar keçirildiyini, lakin YÖK-ün göstərişi ilə TR-YÖS-in bu il ilk dəfə tətbiq olunduğunu vurğulayıb: “TR-YÖS dünyanın hər yerindən tələbələrin daxil olduğu və yüksək keyfiyyətli tələbələrin işə qəbulunu təşviq edən beynəlxalq bir imtahandır. Zəhra həqiqətən çox uğurlu uşaqdır. O, 80 sualın hamısına doğru cavab verib.
Bakıda oxuyub, yaxınlarından və sosial şəbəkələrdən araşdıraraq Ankara Universitetinin Tibb fakültəsini tapıb. TR-YÖS-də tam qiymət aldığı və bizi seçdi üçün onunla əlaqə saxladıq. YTB Zəhranı təqaüd proqramına, Zəhra isə Ankara Universiteti Tibb fakültəsini seçdi”.
Müsahibə zamanı Zəhra Nəsirli "Anadolu" Agentliyi müxbirinin suallarını cavablandırıb. O, uşaq yaşlarından həkim olmaq istədiyini, apardığı araşdırmalar nəticəsində Türkiyədə səhiyyə sisteminin, tibb fakültələrində təhsilin yaxşı olduğunu gördüyünü bildirib: “Ankara mənim üçün tam olaraq tələbə şəhəridir. Bakıya da bənzədiyi üçün özümü yad hiss etməyəcəyimi bilirəm. Orada özümü tənha hiss etməməliyəm, vətənimdəki kimi daha rahat olmalıyam deyə, düşündüm. Ankara Universitetinin professorlarının necə mehriban olduqlarını öyrəndim. Başda dərsi keçən sistem olmaqla, bir çox şeyə uyğun olaraq Ankara Universitetində oxumağa qərar verdim. Əvvəllər də arzum Ankara Universitetində oxumaq idi. Universitetə son qeydiyyat üçün sənədlərimi toplayıram. Avqustun 23-ü qeydiyyat üçün son tarixdir. Son qeydiyyata ailəmlə birlikdə gələcəm”.
O, Türkiyədə təhsil alacağı üçün çox həyəcanlı olduğunu ifadə edib: “Tibb sahəsində neyrocərrah olmaq istəyirəm. Müəllimlərimin sayəsində orada yaşayacam və görəcəyim məlumatlarla fikrimi dəyişə bilərəm, amma indi neyrocərrah olmaq istəyirəm”.
Zəhranın anası Fidan Nəsirli də iki ölkə arasında qarşılıqlı təhsil imkanının yaradılmasında əməyi olan hər kəsə və başda Qarabağ zəfərini dəstəkləyən Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Qeyd edək ki, Zəhra Nəsirli kecmis deputat Əsmətxanım Məmmədlinin nəvəsidir.