“Bölgədə böyük gərginlik var. Bəzi qlobal və regional güclər öz maraqlarına naminə yenidən bölgədə qısamüddətli də olsa, hərbi toqquşma yaratmaq istəyirlər”.
Teleqraf.com-a açıqlamasında Natiq Miri belə deyib.
Onun sözlərinə görə, bu kontekstdə gərginliyi həm şərti sərhəddə, həm də Qarabağın dağlıq hissəsində görürük:
“Məsələnin içində Avropa Birliyinin xarici siyasətini yürüdən Fransa və qonşu İran kimi ölkələr də var. Fransa Ermənistanı hərbi cəhətdən Azərbaycanın üzərinə getməyə təhrik edir, sülh müqaviləsinin imzalanmasına əngəl yaradır. İran da Ermənistanı hər cəhətdən dəstəkləyir, ona silah ötürür. Rusiya da son günlərdə anti-Türkiyə və anti-Azərbaycan proseslərinə rəvac verir. Bu fonda Türkiyə müdafiə naziri və Baş Qərargah rəisinin Azərbaycana gəlməsi ciddi hərbi-siyasi hadisədir. Bu, həm də regionda aranı qarışdırmaq istəyənlərə xəbərdarlıq mesajıdır”.
Natiq Miri qeyd edib ki, Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə bədnam qətnamə layihəsi irəli sürmək niyyətindədir:
“Belə bir durumda qardaş ölkədən reallaşan bu səfər BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinə, xüsusən də Fransa və BMT rəhbərliyinə, eyni zamanda, regionda anti-türk siyasəti yürüdən İrana cavabdır. Bu səfərlər özlüyündə ciddi hərbi-siyasi mesajlar daşıyır. Eyni zamanda, bu, baş verə biləcək bütün hərbi təxribat və hadisələrə hazırlıq mərhələsi kimi görülməlidir. Düşünürəm ki, iki önəmli hərbi strukturun rəhbərləri arasında ciddi müzakirə predmeti olub. Ona görə də narahat olan tərəf biz deyilik, Azərbaycan və Türkiyəni özü üçün düşmən görən tərəflər narahat olsunlar”.