28 Avqust 2023 23:25
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycan Televiziyasının (GünazTV) qurucusu Əhməd Obalı avqustun 27-də, Bakı vaxtı ilə saat 21.00-da Güney Azərbaycan Televiziyasında efirə gedən "Azadlıq səsi" verilişində çıxış edib.

Teleqraf.com xəbər verir ki, o, bir neçə aylıq fasilədən sonra ilk dəfə canlı yayıma qoşulub və səhhəti ilə maraqlanan izləyicilərə və fəallara təşəkkürünü bildirib.

Əhməd Obalı həyatına edilən sui-qəsdlə bağlı polisin tədqiqat apardığını və araşdırmaların başa çatmadığına görə bu barədə hələlik geniş açıqlama verməyin məsləhət olmadığını deyib.

"Əlbəttə şəffaflıq lazımdır, ancaq hələlik hadisə ilə bağlı polis tədqiqatları bitməyib. Vaxtı gələndə bu barədə açıqlama verəcəyik. Bilirsiniz ki, bizim millətimizin içində, şərq dünyasında dedi-qodu güclüdür. Ona görə də haqqımda deyilən bəzi sözlərə əhəmiyyət vermirik. Hələlik səhhətimdəki problemlərlə bağlı müalicə olunuram, yaxın gələcəkdə səsim daha da güclənəcək, və işimizi daha güclü ruhla qabağa aparacayıq, tam sağlam vəziyyətdə həmvətənlərimin yanında, qarşısında olacağam",- Obalı qeyd edib.

O, son günlər bir sıra milli fəallara qarşı təhdid və təxribatların artması ilə bağlı fikirlərini bölüşüb.

Bunun Azərbaycançılıq ideologiyasına bağlı olanları susdurmağa, danışanların qarşısını almağa yönəldiyini söyləyib.

"Bu təhdid və təxribatlar, sadəcə,

bir və bir neçə fərdə qarşı deyil. Bu, ümumiyyətlə Azərbaycançılıq ideologiyasına qarşı yönəlmiş təhdiddir",- GünazTV-nin rəhbəri vurğulayıb.

Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər