29 Avqust 2023 12:10
7 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın “istefası məsələsi” hələ də bağlanmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr xatırladır ki, iki həftə əvvəl Arutyunyanın “istefa”ya getməsi xəbəri yayılmış, özü bu barədə separatçıların keçmiş rəhbərlərini şəxsən məlumatlandırmışdı:

“O, hazırkı vəziyyətdən, ona qarşı irəli sürülən ittihamlardan bezdiyi üçün bu qərarı verdiyini bildirmişdi. Amma bir neçə gündən sonra Arutyunyanın peşman olduğu məlum olub, bəziləri, o cümlədən Ruben Vardanyan onu vədini yerinə yetirməməkdə ittiham edib.

Mənbələrimiz bildirir ki, Nikol Paşinyan Arutyunyanın “istefa ərizəsi”ni təqdim etməsinə imkan verməyib. Ermənistanın hakim elitasında Arutyunyanın yüklərin Ağdam yolu ilə daşınmasıyla bağlı Paşinyanın göstərişini yerinə yetirə bilmədiyi üçün gedəcəyi ilə əlaqəli fikirlər olsa da, Ermənistan baş naziri onun yükünü yüngülləşdirərək, “istefa”sını bir neçə həftə təxirə salmağa çağırıb”.

“Hraparak” iddia edir ki, Bakı ilə anlaşma üzrə İrəvandan verilən tapşırıqları yerinə yetirə bilməsə, Arutyunyanın “istefası məsələsi” yenidən gündəmə gələcək. Məqalədə vurğulanır ki, Araiki əvəzləyəcək şəxs də artıq məlumdur, bu barədə qondarma rejimin “keçmiş xarici işlər naziri” Masis Mayilyanın adı hallanır. Qəzet Mayilyanın Ermənistan hökumətinə, şəxsən Paşinyana bağlı şəxs olduğunu yazır.

“Araik Arutyunyanın tezliklə gedəcəyi ilə bağlı başqa məlumatlar da var. Bir neçə gündür Qarabağdan xəbər gəlir ki, Araik Arutyunyan ona və qohumlarına məxsus bizneslərdən qurtulur. Xüsusilə də son günlər Arutyunyanın qardaşına məxsus holland sağmal inəklər kütləvi şəkildə kəsilir”, - nəşr bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər