Ermənistan rəhbərliyinin Qafan hava limanı ilə bağlı arzusu puça çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Ötən həftə Sünikə (Zəngəzur) səfər edən Nikol Paşinyan hər kəsi əmin etmişdi ki, Qafan hava limanı bundan sonra mütəmadi olaraq fəaliyyət göstərəcək, İrəvan-Qafan və Qafan-İrəvan istiqamətlərində uçuşlar olacaq. Amma uçuşlar həyata keçirilmir. Rəsmi olaraq səbəb hava şəraiti olsa da, mənbələrimiz təhlükəsizlik problemi ilə əlaqədar bilet alan vətəndaşların biletləri geri qaytardıqlarını bildirir”, - nəşr qeyd edir.
Ermənistan baş naziri ötən günlərdə İrəvandan Qafan aerportuna helikopterlə uçmuşdu.
“Yeri gəlmişkən, Sünikdə olan Anna Akopyan (Ermənistan baş nazirinin xanımı) avqustun 28-də Qafan reysi ilə İrəvana qayıtmalı idi. Amma məlumata görə, o, səhər tezdən avtomobillə İrəvana yola düşüb”, - qəzet əlavə edir.
Ermənistanın sabiq baş naziri Hrant Baqratyan bundan əvvəl hava limanının neytral zonada yerləşdiyini demişdi:
“Hava limanından 15 metr aralıda Azərbaycan dövləti başlayır. Beynəlxalq delimitasiya və demarkasiya qaydalarına görə, iki sərhəd arasında neytral zona olmalıdır. Məsələni necə araşdırırıq, araşdıraq, amma hava limanı neytral zonadadır”.
Onun sözlərinə görə, bu istiqamətdə sərhəddə delimitasiya və demarkasiya aparılsa, ərazilərin bir hissəsi Azərbaycana təhvil veriləcək, bu durumda Qafan limanını bağlamaq məcburiyyətində qalacaqlar.