Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın qondarma qurumun üzvləri ilə 6 saatlıq toplantısında rəsmi Bakı ilə dialoq da müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“İştirakçılar belə təəssürat yaranıb ki, Arutyunyan yaranmış vəziyyətdən çıxmaq üçün konsensus qərarı qəbul etmək üçün toplantı çağırıb. Vəziyyət haqda danışarkən çarəsizcə dedi ki, çıxılmaz durumdayıq, bundan çıxmağın bir neçə yolu var. Bunlardan biri Bakı ilə birbaşa dialoqa başlamaqdır. Arutyunyan bu haqda Ermənistan hakimiyyətinin tezisləri əsasında danışdı, beynəlxalq təminatların olmadığına diqqət çəkdi. Müzakirə olunan digər məsələ isə humanitar yükün Ağdam yolu ilə qəbul edilməsi idi”, - məqalədə deyilir.
Nəşr baş separatçının Rusiyadan da bir gözləntisinin qalmadığını bildirir:
“Araik Arutyunyan uzun müddət danışaraq söylədi ki, onların daha gözləyəcək yerləri yoxdur, qərar verməlidirlər. Eyham vurdu ki, ruslardan heç bir gözlənti olmamalıdır.
Araik Arutyunyan açıq şəkildə onu da bildirdi ki, Ermənistan rəhbərliyi ona “biz heç nə edə bilmərik, get problemlərini özün həll et” deyib.
Toplantıda Rusiya xarici işlər naziri Sergey Lavrovun Ağdam-Xankəndi yolu ilə bağlı təklifinə də toxunulub.
“Lavrovun təklifi yükləri Ağdam yolu ilə qəbul etməkdir”, - qəzet vurğulayır.