“Paris meri Anna İdalqo Ermənistana piar üçün gəlmişdi”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
Ekspert Azərbaycanın öz ərazisində separatçı qurum və qanunsuz hərbi birləşmələrin olması ilə razılaşmayacağını söyləyib:
“Azərbaycanın tələblərindən biri təkcə “müdafiə ordusu”nun (qanunsuz birləşmələrin) buraxılması deyil, həm də Qarabağda “siyasi hakimiyyət” (separatçı rejim) olmamalıdır”.
Rusiyaya gəlincə, Matevosyan Moskvanın Azərbaycan ərazilərində separatizmin qalmasında maraqlı olduğunu etiraf edib. Onun sözlərinə görə, Araik Arutyunyandan sonra separatçıların yeni başçısı Moskva üçün anlaşılan, proqnozlaşdırıla bilən və məqbul olmalıdır: “Yəni o, “seçki”yə qədər Moskvaya getməli, öhdəlik götürməli, geri dönməli və işini görməlidir”.
Matevosyan bölgədəki Rusiya sülhməramlılarını separatçılar üçün “əsas təhlükəsizlik zəmanəti” adlandırıb.
Erməni ekspert Fransanın separatçılara “humanitar yük" göndərməsinə və Paris meri Ann İdalqonun bunu daşıyan konvoyu müşayiət etməsinə də toxunub:
“Bəs fransız yük maşınları? Nüanslara varmaq istəmirəm, amma müharibədən sonra Fransa Azərbaycana bir neçə milyon dollarlıq silah satıb, üstəgəl, iki ölkə arasında neft-qaz əməkdaşlığı davam edir. Paris meri piar üçün Ermənistana gəlmişdi və yük maşınlarını Laçın yoluna qədər müşayiət etmişdi”.
Matevosyan Ermənistan Baş naziri Nikol Paşinyanın məqsədlərinə də diqqət çəkib. Ekspertin fikrincə, separatçı rejimin gələcək taleyi Ermənistan baş nazirini maraqlandırmır, onun əsas hədəfi qısa müddətdə Azərbaycanla sülh müqaviləsi bağlamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Matevosyan Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını bu yöndə atdığı əsas addımlardan biri olduğunu söyləyib və istisna etmir ki, hansısa mərhələdə bunu rəsmiləşdirəcək sənədə də imza atacaq.