5 Sentyabr 2023 13:23
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Ərdoğanla Putin arasında Soçidə baş tutan danışıqlar, demək olar ki, nəticəsiz başa çatdı. İlk baxışdan əsas məsələ taxıl anlaşması olsa da, məncə, əsas müzakirə mövzusu Ukrayna məsələsi olub”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi xatırladıb ki, bu həftə G20 ölkələrinin Hindistanda sammiti keçiriləcək:

“Çox güman ki, NATO ölkəsi olan Türkiyə sammitdən öncə Qərbin son təklif və tələblərini Putinə çatdırıb, Rusiya liderinin bunlara cavablarını da sammitdə liderlərə təqdim edəcək. Məncə, Putinə tələb-təkliflərin çox sərt olması taxıl anlaşmasında nəticənin əldə olunmasına mane olub. Amma hər bir halda indiki mürəkkəb durumda qardaş Türkiyənin əsas moderatorlardan biri olması çox yaxşıdır. Bölgəmizdə və dünyada istənilən məsələ Ankaranın iştirakı, ən azı bilgisi olmadan çözülə bilməz, bu, Azərbaycan üçün də böyük müsbət aktivdir.

Bəs Qərb Türkiyə vasitəsi ilə Putinə hansı təklif-tələbləri çatdıra bilərdi?

Rusiyanın tarixi yanaşmaları, hətta postsovet məkanında davranışları dəyişmir. Krımı işğal edib, Donbasda separatizmi alovlandıranda düşünürdülər ki, sonda Donbası Krımla dəyişib məsələni həll edəcək, Krımın ilhaqını həzm etdirəcəklər.

Rusiya keçən il Ukraynaya qarşı vəhşi təcavüzə başlayanda Zaparoje və Xersonu işğal etdi ki, bunu aktivə çevirib danışıqlarda Donbas və Krımla dəyişsin, amma Putin strateji səhvə yol verdi. Rusiya liderinin əsəbləri böyük oyuna dözmədi, “referendum” keçirərək bütün işğal etdikləri bölgələri “Rusiya ərazisi” elan etdi. Bu addımla özü və elitası üçün geriyə yolu bağladı, danışıqlar üçün meydanı daraltdı. İndi strategiyası odur ki, hələ işğal etmədiyi, amma, guya, mütləq işğal edə biləcəyi Xarkov, Nikolayev və Odessa bölgələrini Krım, Donbas, Zaparoje və Xersonla dəyişsin. Yəni Rusiya tarixində ilk dəfədir ki, əlində olmayan aktivlə alver etməyə, ehtimal edilən “təhlükə”ni baha satmağa çalışır. Bu da mümkün olmasa, “nüvə təhdidi” ilə işğalı legitimləşdirməyə çalışacaq.

Çox güman ki, Qərb Ərdoğan vasitəsilə Putinə sərt cavab verib, belə “alver”in mümkünsüzlüyünü bildirib, ona görə də, heç bir sənəd imzalanmadı”.

Natiq Cəfərli onu da qeyd edib ki, müharibə pat vəziyyətindən çıxmır, çıxa bilmir:

“Hələ müharibədən 8 gün sonra - martda belə bir vəziyyətin yarana biləcəyi ehtimalından yazmışdım, təəssüf ki, reallaşır. Rusiya bu müharibəni uda bilməz, uda bilməyəcək. Çünki Kreml üçün qələbə Ukraynada öz əlində olacaq rejim qurmaq demək olardı ki, bu da mümkün deyil. Amma Rusiya müharibəni uduzmayacaq da, çünki Ukrayna üçün qələbə Krım daxil 1991-ci il sərhədlərinin bərpasıdır. Bu da mümkünsüz görünür.

Gələn il həm Rusiya, həm ABŞ, həm də bir neçə vacib Avropa Birliyi ölkəsində seçkilərin olacağını da düşünsək, çox güman ki, müharibə bu ilin sonu-gələn ilin əvvəli dondurulacaq. Bu, bölgə üçün ən pis ssenaridir, çünki hər an don açıla, münaqişə alovlana bilər.

Suyun bulanıq olması və ya qeyri-müəyyənlik Kremlin işinə yarayacaq. Amma Qərb də öz ayağı ilə gəlib tələyə düşən Rusiyanı “boğmamış” buraxmayacaq. Deməli, bu qarşıdurma bizə - Cənubi Qafqaza da daim təsir edəcək, bölgəmizə təzyiq alətləri və mövzuları aktiv qalacaq.

Məncə, bu gün sülh prosesinin fasiləyə qoyulması bütün oyunçulara sərf edir – təkcə Azərbaycan və Ermənistandan başqa. Bu səbəbdən təpər və güc tapıb sülh müqaviləsini, ən azı ilkin razılaşma protokollarını bu il imzalamalıyıq. Gələn il Rusiyanın Ukraynaya təcavüzü dondurulmuş şəkil alsa, bizim sülh prosesi də dona bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər