İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türk həmkarı Hakan Fidanla görüşündə Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub. Abdullahiyan görüşdən sonra bölgədə sərhədlərin və geosiyasi vəziyyətin dəyişdirilməsini qəbul etməyəcəklərini bəyan edib. Zənnimcə, bu, ümumi açıqlamadır, Ermənistana yönəlik xüsusi mesaj deyil.
Teleqraf.com xəbər verir ki, bunu erməni iranşünas Harut Artin Arakelyan deyib.
Onun sözlərinə görə, İran adətən həmişə eyni sözləri dilə gətirir, burada yeni heç nə yoxdur:
“Hətta Qarabağ məsələsindən əvvəl də İran eyni bəyanatı verirdi, bu günə qədər də təkrarlayır. Bunda xəbər yükü yoxdur. İranın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarı olduğunu söyləməsi yeni bir şey deyil, bunu həmişə bəyan edib.
Vaxtilə 3+3 formatından (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan, İran) ilk imtina edənlərdən biri də erməni tərəfi olub. Amma İranın açıqlamasından sonra Ermənistan bunu qəbul etmək məcburiyyətində qaldı”.
Arakelyan İran-Türkiyə münasibətlərinə də diqqət çəkib:
“İran Türkiyə ilə də rəqib olsa da, həmişə bir-biri ilə əlaqədə olublar. Yəni bu bəyanatlardan heç nə gözləməyə ehtiyac yoxdur, bunlar protokol bəyanatlarıdır”.