Beynəlxalq ictimaiyyət Azərbaycanın mövqeyini dəstəkləyir, Qarabağda keçirilən qondarma seçkiləri tanımır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr qondarma seçkilərə yanaşmada Ermənistan rəhbərliyinin mövqeyinin də onlardan fərqlənmədiyini bildirir:
“Ermənistan hakimiyyətindən, ilk növbədə Nikol Paşinyandan heç bir “təbrik” gəlmədi. Amma 2020-ci ildə Araik Arutyunyan “seçiləndə” Nikol Paşinyan dərhal onu “təbrik” etməyə tələsmişdi. Üç il əvvəllə müqayisədə bu gün Paşinyan və hökumətinin susması bir yana, həm də tam başqa mövqe sərgiləyir”.
Ermənistan baş naziri “seçilən” Samvel Şahramanyanın “prezident” yox, “Qarabağ ermənilərinin lideri” olduğunu, “təbrik”ə ehtiyacın olmadığını bildirib.
Nəşr Türkiyənin dərhal qondarma seçkiləri qınadığını və bunun anlaşılan olduğunu vurğulayır:
“Başqa cür ola bilməzdi, Türkiyənin mövqeyi bəllidir. Ankara Bakının nöqteyi-nəzərini sona qədər dəstəkləyir. Pakistan, Moldova, Gürcüstan, Ukrayna kimi ərazi bütövlüyü ilə bağlı problemləri olan və Azərbaycanla sıx əlaqələri olan bir sıra ölkələr də bunu pislədilər.
Avropa Birliyinin “seçkilər”i tanımaması ilə bağlı kəskin mövqeyi xüsusilə təəccüblü idi. Brüssel vurğuladı ki, Qarabağ ermənilərinin Bakı ilə müzakirə apara bilən və etmək istəyən de-fakto rəhbərliyin ətrafında birləşməsini vacib hesab edir”.
“Past” Fransanın qondarma seçkilərə münasibətdə susduğunu yazır:
“Diqqətçəkən məqam budur ki, ATƏT-in Minsk qrupunun (keçmiş) həmsədr ölkələrindən, o cümlədən AB üzvü Fransadan bununla bağlı heç bir bəyanat verilməyib”.
Məqalədə qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələni Hindistanda keçirilən G-20 sammiti çərçivəsində Avropa Şurasının rəhbəri Şarl Mişellə müzakirə edib.