“Rusiya Ermənistanın düşməni deyil, heç vaxt düşmən olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Azərbaycanın Qarabağda hüquqlarını tanıyan Rusiya deyil, bunu Ermənistan rəhbərliyi edib. Buna necə reaksiya verəcəyi onların, Ermənistan xalqının öz işidir. Amma İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə atmağa ehtiyac yoxdur. Rusiyada düşmən axtarmağa ehtiyac yoxdur. Rusiya heç vaxt Ermənistanın düşməni olmayıb və olmayacaq. Heç vaxt”, - Rusiya rəsmisi bildirib.
Zaxarova həmçinin əlavə edib ki, Moskvanın İrəvanın Rusiya ilə bağlı sərt bəyanatlarına sərt reaksiyası anlayışların dəyişdirilməsi ilə bağlıdır.
“Biz ton və şəxsi təhqiredici şeylərə, kobudluğa o qədər də əhəmiyyət vermirik. Amma bunları həqiqətlərlə əvəz etmək cəhdləri var. Bizim reaksiyamıza səbəb olan da bu oldu, nəticədə səfiri XİN-ə çağırdılar.
Hər gün bizə ünvanlanan boşboğazlığa cavab versək, o zaman artıq işləyə bilmərik.
İkincisi, bu kobudluğa reaksiya vermək bizim üslubumuz deyil. Bu, bizim metodumuz deyil. Prinsipial əhəmiyyət kəsb edən anlayışların dəyişdirilməsi halları istisna olmaqla, biz bu gündəlik mübahisənin üstündən keçirik”.
Bundan əlavə, Zaxarova nələrsə yolunda getmədikdə və ya səhv getdikdə günahlandıracaq birini tapmaq təhlükəsi barədə xəbərdarlıq edib:
“Bu, fəlakətli nəticələrə gətirib çıxara bilər. Bu, Ermənistan üçün təhlükəlidir”.