Millət vəkili: “2014-cü ilin statistikasına görə, avtoqəzalarda təxminən 1200 nəfər adam ölüb, təxminən 3600-3700 nəfər xəsarət alıb”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov yollarda baş verən avto qəzalardan, bunun nəticəsindən insanların öz həyatlarını itirməsindən, bu durumun qarşısının alınması haqqında danışıb.
Deputat hesab edib ki, yollarda baş verən bu prosesin qarşısını almaq üçün qanunlarda dəyişiklik edilməsi məsələsi mümkündür: “Bilirsiniz, bu, sırf nəzəri bir məsələdir. Ancaq nəzəri məsələ olsa belə, elə də çətin bir məsələ deyil. Bu, hamının anlayacağı bir məsələdir. Hansı ictimai münasibətlər olursa-olsun, cəmiyyətdə nə baş verirsə-versin, bunun mərkəzində bir insan faktoru durur. İnsan bütün ətrafını dəyişməyə çalışırsa, hətta, inqilab etmək fikrinə düşürsə, bütün cəmiyyəti yaxşılaşdırmaq, ən ülvi ideyaları həyata keçirmək istəyirsə, inanın, əgər o özü dəyişməsə, bunu həyata keçirmək mümkün olmaz. İnsan özü dəyişməlidir. Qərb fəlsəfəsi ilə Şərq fəlsəfəsinin arasında da çox fundamental bir fərq elə ondan ibarətdir ki, Qərb fəlsəfəsində bütün ətrafı dəyişməkdən söhbət gedir, amma Şərq fəlsəfəsinin əsasında, ana xəttində insanın özünün-özünü dəyişməsindən söhbət gedir. Sən birinci özünü, ətrafına baxışını dəyişməlisən. Baxın, Azərbaycan varlı bir dövlətə çevrilib, günü-gündən də sürətlə inkişaf edir. Bununla belə, sanki biz mənəvi baxımdan inkişaf etmirik, bunları görə bilmirik. Məsələn, Azərbaycanın əhalisi qədər İsveçin əhalisi var, yəni, təxminən 9 milyon əhalisi var. Onlar da 100 avtoqəzada ölüm faizi bilirsiniz nə qədərdir? Cəmi 2 faizdir. Bu o deməkdir ki, 100 avtoqəzada 2 adam ölür. Bundan əlavə, Avstriyanın təxminən 8 milyon əhalisi var, onlarda avtoqəzalarla bağlı ölüm faizi 2,7 faizdir.
Ümumiyyətlə, Avropada 4 faizdən artıq ölüm yoxdur. Türkiyədə 5 faizdir. Yəni, bu o deməkdir ki, 100 avtoqəzanın 5-də insan ölür. Mənim avtoxuliqanlığın kriminallaşdırılması ilə bağlı monoqrafiyam var. Mən orada göstərmişəm ki, Azərbaycanda bu yöndə statistik məlumatlara baxanda, sanki adama belə gəlir ki, Azərbaycanın avtomobil yollarında aktiv döyüş əməliyyatları, müharibə gedir. Bizdə bu rəqəm 33-36 faiz arasıdır. Təsəvvür edin ki, üç avtoqəzanın birində insan ölür, bu, dəhşətli bir statistikadır. 100 avtonəqliyyat qəzasında 33-dən 36-ya qədər insanın ölməsi, bu, dəhşətdir, böyük faciədir. Eyni zamanda, statistika onu deyir ki, ölümlərin sayının 3 misli qədər də yaralılar olur. Yəni, bu, “qayda”dır, həmişə belə olur. Keçən ilin statistikasına görə, avtoqəzalar zamanı təxminən 1200 nəfər ətrafında adam ölüb. Onu nəzərə alın ki, təxminən 3600-3700 nəfər də xəsarət alır. Gəlir üst-üstə xəsarət alanlar, ölənlər hamısı bir yerdə beş minə çıxır. Təsəvvür edin ki, Qarabağda aktiv döyüş əməliyyatları gedəndə ildə heç 1200-1300 adam ölmürdü. Demək istəyirəm ki, bunun səbəblərinin əsasında insan faktoru durur. Bu səbəblər də açıq-aydındır. Dünyada bütün nəzəriyyəçilərin işləyib hazırladığı, praktiklərin təsdiqlədiyi səbəblər aydındır: sürücülük mədəniyyətidir, maksimum sürət həddini aşmaqdır, avtomobili sərxoş vəziyyətdə idarə etməkdir, sürücü peşəkarlığının aşağı səviyyədə olmasıdır. Baxın, yuxarıda da dediyim kimi, Azərbaycan sürətlə inkişaf edir, heç kim də bunu inkar edə bilməz. Amma baxın, yollarımızda müharibə gedir. Sovet maşınları sürülən vaxtında heç bu qədər insan yollarda ölmürdü”.
Deputat hesab edir ki, bu istiqamətdə ciddi təbliğay və maarifləndirmə işi aparılmalıdır: “Burada tək mediadan söhbət getmir və getməməlidir, bütövlükdə cəmiyyətə kompleks baxmaq lazımdır. Cəmiyyət özü bir vahid orqanizmdir. Cəmiyyət özü bu bəlaların mübarizəsini özü təşkil etməlidir. Cəmiyyət özü mübarizə aparmalıdır. Amma o ki qaldı ki, medianın üzərinə düşən vəzifəyə, mən deyərdim ki, insanların maarifləndirilməsi ilə bağlı ən böyüyü elə onun üzərinə düşür”.
Cavidan