Yanvarın 7-də Fransanın paytaxtı Parisdə baş verən terror hadisəsi və sonrakı günlərdə bunun davam etməsi dünyanı yenidən esktremizm məsələsinə diqqət ayırmağa vadar edib. Əslində, Yaxın Şərqdə baş verənlərin tezliklə Avropaya ayaq açacağını bu ölkələrin kəşfiyyat orqanları bilməmiş deyildilər. Amma terror hadisəsi baş verdi və hələ də Qərb dünyası tamamilə bu təhlükədən uzaqlaşmayıb.
"İŞİD" adlı terror təşkilatı da bu qanlı hadisələrdən "həvəslənərək" bir-birinin ardınca təhlükəli bəyanatlarla çıxış etməyə başladı. Eyni zamanda, bu terror təşkilatına üzv olmaq istəyənlər müraciət etməkdə davam edir.
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz ölkəsinin indiki iqtidarını tənqid edərkən deyib ki, Gürcüstanın bir neçə yüz vətəndaşı Suriyaya yollanıb: "Gürcülərin Ukraynada könüllü döyüşməsinə ağız büzüb onları Vahid Milli Hərəkatın provokatoru, muzdluları və agentləri adlandıran Gürcüstan hökuməti gürcülərin müxtəlif üsullarla Suriyadakı mübarizəyə cəlb olunmasından heç danışmır".
Gürcüstan mətbuatı son bir il ərzində "İŞİD" sıralarına qatılmaq üçün Pankisi dərəsindən 50-100 arası yerli sakinin Suriyaya yola düşdüyünü də qeyd edib.
"Bu gün artıq hədəf onların özlərinə yönəlib"
Məsələyə münasibət bildirən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Yaxın Şərqdə baş verən proseslər artıq müsəlman ölkələrinin sərhədlərini aşaraq Qərb ölkələrinə doğru istiqamət aldığının şahidi oluruq. Onun sözlərinə görə, dünyada vəhşi müsəlman obrazı yaratmaq və bununla da İslamın digər dinlər arasında nə qədər təhlükəli bir din olduğunu yüz illərdir ki, proqramlı şəkildə həyata keçirmək istəyən Qərbdəki beyin mərkəzləri buna nail olmağa yaxındırlar: "İslam heç bir dinlə müqayisə olunmayan mərhəmət, şövkət, barış və digər dəyərləri insanlara aşılamaq üçün göndərilmiş bir dindir. Təbii ki, bundan da digər din mənsublarından tutmuş aparıcı dövlətlərdə olan strateji beyin mərkəzləri əndişələnərək bir sıra işləri həyata keçirməyə çalışırlar. Amma bu gün Yaxın Şərqdəki proseslər, o cümlədən Fransada baş verənlərə nəzər saldıqda məkrli mərkəzlərin hazırladığı proqramlar İslama və dinə aidiyyəti olmadığı kimi, "vəhşi müsəlman" mexanizmi geriyə işləməyə başlayıb. Bunun zərərini müsəlmanlar çəksə də, bu gün artıq hədəf onların özlərinə yönəlib".
C.Əzimbəyli deyib ki, Azərbaycandan Suriyaya, İraqa, hətta Əfqanıstana gedən gənclər var. Onun sözlərinə görə, bu insanlar da ölkəmizin vətəndaşlarıdır: "Bu məsələdə, təbii ki, dövlətin aidiyyəti orqanlarının həyata keçirdiyi fəaliyyəti təqdir edirəm. Ötən ilin son 6 ayı ərzində Milli Təhlükəsizlik Nazirliyinin təkfirçilərin zərərsizləşdirilməsi istiqamətində həyata keçirdiyi əməliyyatlar, bəlkə də, digər ölkələrin eyniadlı qurumu ilə müqayisə edilə bilməz. Bununla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin yerlərdə apardığı maarifləndirmə işləri təqdirə layiqdir. O cümlədən bu məsələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, xüsusi olaraq, onun sədri Mübariz Qurbanlının rayonlarda bütün məzhəb təmsilçiləri ilə görüşməsi və açıq şəkildə söhbət aparması Azərbaycan dövlətçiliyinə, tolerantlığa böyük bir xidmətdir. Amma dövlətimizin gücü sayəsində Suriyaya, İraqa gedənlər azalsa da, bir məsələni gizlətməməliyik. Azərbaycanda milli, dini tolerantlığı pozmağa cəhd edən milli dönüklərimiz var. Mən bunu tarix üçün deyirəm. Cənab Prezidentin yürütdüyü milli, dini məsələlərlə bağlı uğurlu dövlət siyasəti hər birimiz tərəfindən təqdir olunur".
"Ehtiyatı əldən verməməliyik"
Şərqşünas deyib ki, bu gün rayonların bəzilərində xanımları ilə birgə İraqa, Suriyaya gedənlər var: "Hətta qadınlar belə ora cihad adı ilə gedirlər. Açıq demək lazımdır ki, bu gün başına hicab bağlayıb, Qurani-Kərim öyrənməyə gedən yeniyetmə qızların küçədə önünü kəsərək, "gəlin bizim yanımızda olun, sabah İŞİD gəldikdə halınız bundan betər olacaq" deyənlər var. Məhz belələrinin ifşa olunub tezliklə zərəsizləşdirilməsinin tərəfdarıyam. Çünki şüurlarda baş verən inqilablar daha təhlükəli olur. Ona görə də televiziyalar bu gün cəmiyyətdə qəbul edilən insanlar vasitəsilə milli və dini dəyərlərimizlə bağlı təbliğat işini qurmalıdır. Əsrlərdir Azərbaycanda ənənəvi məzhəblər, sünni və şiə qardaşlığı arasında təfriqə olmayıb. Çünki Allahın nəzəri bu məmləkətin üzərindədir.
Amerikanın, Avropanın mətbuatında Azərbaycanla bağlı proqnozlarına nəzər saldıqda bunun heç həmin nəşrlərin beyninin məhsulu olmadığını başa düşürsən. Bu aparıcı beynəlxalq güc mərkəzlərinin Azərbaycanda həyata keçirmək istədikləri niyyətlərin görünməyən tərəfləridir ki, biz onun ilk işartılarının şahidi oluruq. Ona görə də ehtiyatı əldən verməməliyik. Xüsusilə, bu məsələdə aidiyyəti dövlət orqanlarına Azərbaycanı düşünən insanlar dəstək verməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini təbliğat mexanizminin yüksələn xətt üzrə inkişaf etməsinin tərəfdarıyam".
"Təbliğatın effektini neytrallaşdırmaq lazımdır"
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib ki, bu istiqamətdə atıla biləcək ən önəmli addım maarifləndirmə işinin təşkil edilməsidir. Onun sözlərinə görə, gerçək islami dəyərlərin tanıdılması istiqamətində işlər aparılmalıdır: "Bu zaman təkcə dövlətdən nələrisə gözləmək düzgün deyil. Fikrimcə, hər bir ziyalı, qeyri-hökumət təşkilatları bununla bağlı öz töhfələrini verməlidirlər. Cəhalət və mövhumatın ən birinci düşməni, təbii ki, elm və maarifləndirmədir. Maarifləndirmə işinin düzgün təşkil edilməsi, bu işə ziyalıların, ictimai sektor nümayəndələrinin, tanınmış şəxslərin cəlb edilməsi işin xeyrinə olardı".
V.Zifəroğlu "İŞİD" terror təşkilatına üzv olmaq istəyənlərlə bağlı məsələ ilə bağlı söyləyib ki, bu daha çox ideoloji təbliğat və dini maarifləndirmə ilə bağlı məsələdir: "İŞİD yeni informasiya texnologiyalarından, eləcə də, internetdən maksimum yararlanaraq təbliğatını qura bilib. Bu isə sıralarına yeni qüvvələri cəlb etmək məqsədi daşıyır. Bu səbəbdən də maarifləndirmə işi düzgün qurulmaqla həmin təbliğatın effektini neytrallaşdırmaq lazımdır".
BƏXTİYAR