“ABŞ dünya miqyasında ikili standartlar siyasətinin nümunəsidir və hər zaman bu mövqeyinə sadiqliyi ilə seçilib. Təsadüfi deyil ki, ABŞ-da terrorizmin mahiyyətinə dair üç rəsmi yanaşma mövcuddur. Biri Dövlət Departamentinin, digəri Konqresin, üçüncü isə Pentaqonun yanaşmasıdır. Yəni ABŞ terrorçulara qarşı mübarizə apararkən onun üçün sərfəli olan yanaşmaya istinad edir”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat qeyd edib ki, ABŞ hətta beynəlxalq terrorizmə qarşı mübarizədə də heç vaxt səmimi olmayıb:
“Dünyanın hansı bir yerində təhlükəli terrorçu qruplaşmalar fəaliyyət göstərirsə və bu fəaliyyət ABŞ-ın maraqlarına uyğundursa, yaxud da ABŞ narahat etmirsə, onları terrorçu yox, nələrinsə uğrunda mübarizə aparanlar adlandırır. Məsələn, ABŞ-ın dövlət katibi olmuş Kondoliza Rays vaxtı ilə Türkiyədə olanda ona sual veriblər ki, PKK-ya qarşı mübarizə aparmaq istiqamətində ABŞ-ın planları nədən ibarətdir. O qeyd etmişdi ki, PKK-ya qarşı mübarizə aparmaq hələlik ABŞ-ın planlarına daxil deyil. Halbuki həmin dövrdə ABŞ beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyası yaratmışdı”.
Elşad Mirbəşiroğlu deyir ki, böyük dövlətlərin xarici siyasətində ikili siyasət yanaşması tarixən mövcud olub:
“Əksər məsələlərə ABŞ həmişə öz baxış bucağından yanaşıb, ona görə də heç vaxt obyektiv mövqe sərgiləməyib. Müxtəlif dövlətlərin ərazi bütövlüyün dəstəklədiyi halda, amma bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını səsləndirməyib. Əksinə, 1992-ci ildə Ermənistan ardıcıl şəkildə Azərbaycan torpaqlarını işğal edən zaman ABŞ azadlığa dəstək aktına 907-ci əlavəni qəbul etdi. Bu əlavə bu gün də qüvvədədir. Sadəcə olaraq prezidentlər onun hüquqi qüvvəsini hər il dayandırırlar.
ABŞ işğalçı Ermənistanı hər zaman dəstəkləyib. 1992-ci ildə Ermənistan Azərbaycan xalqına qarşı bir sıra qanlı cinayətlər, soyqırımları törədib. Amma bütün bunlara baxmayaraq ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Bu baxımdan ABŞ həmişə səmimiyyətdən uzaq olub. Yalnız öz maraqlarına cavab verdiyi halda hansısa ölkələrin ərazi bütövlüyünə dəstək nümayiş etdirib. Belə olan halda Ermənistan həmişə Qərbin əlində alət rolunda çıxış edib. ABŞ Konqresində aşkar şəkildə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən konqresmenlər, senatorlar fəaliyyət göstərir. Onların işi-gücü Azərbaycana qarşı qərəz nümayiş etdirməkdən ibarətdir. Bunu hər zaman müşahidə etmişik”.
Ekspertin müşahidələrinə görə, ABŞ həmişə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolu təqdir edib: “ABŞ hər zaman Azərbaycan əlaqələrinin inkişaf səviyyəsindən razılığını bildirib. Amma digər tərəfdən də Azərbaycanın haqlı mübarizəsində heç vaxt ölkəmizin yanında olmayıb. ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycana təzyiq cəhdlərini dəfələrlə müşahidə etmişik. O, Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlərdə israrçı mövqeyi ilə seçilib. Bunun özü də Amerikanın dünyaya təbliğ etmək istədiyi dəyərlərə ziddir. Görünür ABŞ hansısa dəyərlərin təbliğində də səmimiyyətdən çox uzaqdır. Necə ola bilər ki, bir ölkənin ərazisində bir yolun açılması ilə bağlı dövlətə təzyiqlərə cəhd edəsən?! Bu, həmin dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmaqdır.
ABŞ-ın riyakar, ikiüzlü siyasətini aşkar edən çoxsaylı faktlar sadalamaq olar. Belə nəticəyə gəlmək olar ki, başqa dövlətlərin, xalqların maraqları, prioritetləri ABŞ üçün önəmli deyil”.