“Şəhidlər məsələsində informasiyanı hansı istiqamətdə yaymağı və o ailələrin hansı sıxıntı keçirdiyini düşünməliyik. Bir çox hallarda bu xəbərlərin çatdırılma mexanizmi elə olur ki, həmin ailələrə daha böyük iztirab verir. Ona görə də sosial şəbəkələrdə belə xəbərləri yayanda diqqətli olunmalıdır”.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, bu məsələyə ümumi işin kontekstində yanaşılmalıdır: “Müharibə həm də şəhidliyi, qaziliyi özü ilə gətirən bir faciədir. Onsuz da torpağın azad olunması bahasına olan bu risk gözə alınmalıdır. Ona görə də insanlarımız elə davranmalıdır ki, şəhidliyi, qaziliyi əsas məsələ kimi gündəmə saxlayıb qazandığımız qələbənin, uğurun miqyasını kiçiltməsinlər.
Şəhid ailələrinə hamı sayğı, diqqət, ehtiram göstərməlidir və onlara bu informasiyaların ehtiyatla çatdırılması təmin olunmalıdır. Onsuz da bütün savaşlarda itkilərimiz olub, bu, qaçılmazdır. İtkilərin yekunu bəlli bir qələbə ilə nəticələnir. Onların fədakarlığı, şəhidliyi hesabına bu qələbəni cəmiyyətə göstərə bilirik. Bu baxımdan bu kimi mövzularda kifayət qədər ehtiyatlı davranılmalıdır”.
Fazil Mustafa Ermənistan tərəfinin yaydığı dezinformasiyalara uymamağın vacibliyinə də toxunub: “Antiterror əməliyyatlarının masştabının daha böyük göstərilməsi Azərbaycan cəmiyyətində qorxu xofunun yayılmasına, üzüntülü əhval-ruhiyyənin formalaşmasına xidmət edir. Bu kimi təbliğatlara yol vermək olmaz. Təbii ki, şəhidlərin olması böyük faciədir, acıdır, hər bir evin və elin ağır kədəridir. Bu, Vətən savaşında ümumi el naminə olunan fədakarlığın bir nümunəsidir.
Şəhidlərimizin, qazilərimizin etdiyi əməlin ucalığını aşağı salmamalıyıq. Hər gün müxtəlif səbəblərdən dünyasını dəyişən insanlardan Vətən uğrunda şəhid olan əsgərlərimizi müəyyən dərəcədə fərqləndirməyi bacarmalıyıq. Çünki onlar Vətən uğrunda şəhid olublar. Onların qiyməti başqa cür verilməlidir. Cəmiyyətə bunu aşılamalıyıq.
Düşmən bunu ağır bir faciə kimi göstərməyə çalışacaq və bunu da təbliğatda daha çox istifadə edəcəklər. Amma hər halda sistemi elə qurmalıyıq ki, insanlarımız kədərini sonrakı prosesə saxlasınlar. Qələbəyə qədər üzüntümüzü çox diqqətə çatdırmamalıyıq”.