25 Sentyabr 2023 15:29
3 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan antiterror tədbirlərindən sonra bütün Qarabağda suveren hüquqlarını tədricən bərqərar edir. Bu tədbirlər bundan sonra baş verə biləcək bütün müsbət proseslərin önünü açdı. Həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün qapını araladı, buna əngəl olacaq bir çox açar məsələləri aradan qaldırdı. Qarşıda artıq bu məsələni hansı kontekstdə həll etmək məsələsi önəm daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli formatda görüşün təşkili təklifi dövriyyəyə girib.

Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri belə deyib.

“Ərdoğan Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında dördtərəfli formatın təmin olunması yönündə təklif verib. Düşünürəm ki, bu məsələ Naxçıvanda cənab Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ciddi müzakirə olunacaq. Təbii ki, Azərbaycan bu məsələyə razıdır”, - o qeyd edib.

Natiq Miri onu da diqqətə çatdırıb ki. burada digər məqamlar var:

“Bu məqamlar üzrə müəyyən məsləhətləşmələr aparılmalı, atılacaq addım və yol xəritəsi müəyyən olunmalıdır.
Sülh müqaviləsi prosesi və Qarabağla bağlı məsələlərdə tamamilə yeni situasiya yaranıb. Bu situasiyanı Azərbaycan antiterror tədbirlərini həyata keçirməklə yaratdı Bundan sonra atılacaq çox ciddi addımlar var ki, mütləq mənada Naxçıvanda liderlər arasında müzakirə olunmalıdır.

İki prezident Naxçıvanda müasir yeni hərbi hissənin açılışını edəcək. Bu səfər bütün regional və qlobal güclərə qardaşlığın, Azərbaycan-Türkiyə birliyinin verəcəyi ən böyük mesaj olacaq. Bu, çox önəmli addımdır. Eyni zamanda, görüşün Naxçıvanda baş tutması, Naxçıvanla bağlı hələ də xəyallarla yaşayan Ermənistan, İran, eyni zamanda ermənilərin bəzi havadar dövlətləri kimi ölkələrə də bir ayıltma siqnalı olacaq.

Naxçıvan toxunulmaz yerdir. Naxçıvana qarşı yuxuda belə anti-Azərbaycan, anti-Türkiyə məqamları görmək, həmin ölkələr üçün çox böyük nəticələrə gətirib çıxara bilər”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər