“Naxçıvan Türkiyənin türk dünyasına açılan qapısıdır, onun önəmi Zəngəzur dəhlizinin açılması ilə daha da artacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.
Məqalədə Türkiyənin Azərbaycanın bu muxtar bölgəsinin təhlükəsizliyinin qarantı olduğu bildirilir.
Naxçıvanın tarixindən bəhs edilən məqalədə 1921-ci ildə Moskvaya ruslarla anlaşmaq üçün yollanan Türkiyə nümayəndə heyətinə Mustafa Kamal Atatürkün verdiyi göstəriş xatırladılır:
“Moskva müqaviləsindən əvvəl danışıqlar üçün Rusiyaya gedən nümayəndə heyətinin tərkibində olan Yusuf Kamal bəy Ankaradan ayrılmadan bir gün əvvəl Mustafa Kamal Paşa ilə görüşdü. Kamal bəy Atatürkdən soruşur: “Paşam, ruslar Naxçıvanda israr etsələr, nə edək?”.
Atatürkün ona cavabı belə olur: “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərə alın və əlinizdən gələni edin”.
“Star” qeyd edir ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsilə Naxçıvan ölkənin ayrılmaz hissəsi kimi muxtar respublika statusunu saxlayır:
“Naxçıvanın təbii qaza ehtiyacı hazırda İrandan təmin edilir. Türkiyə və Azərbaycan Naxçıvanın təbii qazda İrandan asılılığını sıfıra endirmək üçün 2020-ci il dekabrın 15-də “Təbii qaz təchizatı üzrə Anlaşma Memorandumu” imzalayıb.
Razılaşmaya uyğun olaraq Şərqi Anadolu təbii qaz xəttindən ayrılan İğdır təbii qaz kəmərinin davamı olaraq Naxçıvana qədər 85 kilometrlik yeni boru xətti çəkiləcək. İllik nəqletmə gücü 500 milyon kubmetr olacaq boru kəməri istifadəyə verildikdə Naxçıvanın bütün təbii qaz tələbatını ödəyəcək”.
Nəşrin yazdığına görə, Zəngəzur dəhlizinin açılması Naxçıvanın önəmini artıracaq:
“Azərbaycanın qərb rayonları ilə quru əlaqəsinin olmaması Naxçıvanın inkişafına ən böyük maneə kimi göstərilir. Azərbaycanlılar Naxçıvana ya hava yolu ilə, ya da İran vasitəsilə çatırlar.
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın Qarabağ zəfərinin, Ermənistanın isə məğlubiyyətinin təsdiqləndiyi bu iki ölkə ilə Rusiya arasında imzalanmış üçtərəfli bəyanata Prezident İlham Əliyevin tələbi ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat xətlərinin açılması ilə bağlı maddə yer alıb.
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı öz ərazisində dəmir və avtomobil yollarının inşası işlərini böyük ölçüdə başa çatdırsa da, Ermənistan hələ də bununla bağlı heç bir addım atmayıb.
Zəngəzur dəhlizi fəaliyyətə başlayanda Ermənistan üzərindən Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək, eyni zamanda Çindən Orta Asiyaya, Xəzər dənizinə, Qafqaza və Türkiyəyə uzanan Orta Dəhlizin marşrutlarından biri olacaq. Beləliklə, Naxçıvanın əhəmiyyəti daha da artacaq”.