“Türkiyə və Azərbaycan üçün çox vacib olan Zəngəzur dəhlizinin reallaşması strateji məsələdir və tamamlanmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək. Bu güclü bağ sayəsində önümüzdəki dövrdə məsafəni çox sürətlə qət edəcəyik. Bu səbəbdən də bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu məsələ ilə bağlı İrandan müsbət siqnallar görmək sevindiricidir”, - Türkiyə lideri bildirib.
Ərdoğan qeyd edib ki, Zəngəzur bölgədə sülh dəhlizi olmalıdır:
“Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur, həm də Laçın dəhlizlərini sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək.
Ermənistana gəlincə, Ermənistan yol açmasa, haradan keçəcək? İrandan keçəcək. İran hazırda buna müsbət baxır və buna müsbət baxdığı üçün İrandan Azərbaycana keçmək imkanı yaranacaq”.