27 Sentyabr 2023 16:25
3 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın son müraciəti Rusiyanın ekspert dairələri tərəfindən fəal müzakirə edilir. Sonuncunun irəli sürdüyü əsas tezis ondan ibarətdir ki, Ermənistan böyük ehtimalla KTMT-dən çıxmağa hazırlaşır və buna görə Paşinyan həmin strukturu tənqid atəşinə tutur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr qeyd edir ki, KTMT-də həqiqətən də Rusiya-Ukrayna müharibəsi başlayandan sonra kəskinləşən səmərəsizlik elementləri var və bu struktura lazımi diqqət yetirilməsə, parçalana bilər:

“Bir sıra ekspertlər deyirlər ki, problem təkcə KTMT yox, həm də Rusiyanın Gümrüdəki hərbi bazası ilə bağlıdır. Rusiyalı ekspertlərin müşahidəsinə görə, Paşinyan çox yaxşı hesablayıb, nə qədər ki, Qarabağ məğlubiyyəti mövzusu istidir və Ermənistanın ictimai-siyasi diskursunda əsas gündəm mövzusudur, bir daşla iki quş vurmaq olar - həm müxalifətlə gərginlik həll edilir, həm də xarici məsələlər.

Paşinyanın arzusunun heç bir xarici təhlükəsizlik strukturuna aid olmayan, silahsızlaşdırılmış, neytral Ermənistan olduğu istisna edilmir. Bu, bəlkə də uzunmüddətli strategiyanın ilk mərhələsi olacaq. Ekspertlərin fikrincə, buna nail olduqdan sonra Paşinyan Ermənistan üçün yeni xarici təhlükəsizlik sisteminin formalaşmasına nail ola biləcək, bu, daha balanslı və sabit olacaq.

Rusiyanın ekspert dairələrində yayılan başqa bir fikrə görə, Paşinyanın KTMT-dən çıxmaq qərarı Zəngəzurun Azərbaycana verilməsi demək olacaq”.

Nəşr yazır ki, bir çox rusiyalı ekspert Moskvanı addımlar atmağa çağırırlar:

“Çünki Nikol Paşinyanın başlatdığı oyun bütün region, o cümlədən İran üçün həqiqətən ciddi nəticələr verə bilər. Onların fikrincə, Ermənistan Rusiyanın geosiyasi maraqları üçün mühüm mərkəzdir və ABŞ-ın indiki məqamda Ermənistana bu qədər diqqət ayırması təsadüfi deyil.

Daha radikal olanlar hesab edirlər ki, Ermənistan həm KTMT-dən, həm də Avrasiya İqtisadi Birliyindən çıxarılmalı, ümumiyyətlə, Ermənistanın Rusiyanın başında olduğu regional birliklərdən hər cür iqtisadi səmərə almaq imkanları bağlanmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər