28 Sentyabr 22:59
2 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıda doğulmuşam, vətənim Azərbaycandır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı jurnalist və TASS xəbər agentliyinin baş direktorunun müavini Mixail Qusman Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Bakıda doğulmuşam, vətənim Azərbaycandır. Gizlətməyəcəm, artıq 70 yaşım var, ömrümün yarısını Azərbaycanda, Bakıda, sovet dövründə yaşamışam. Bakı mənim sevimli şəhərimdir. Azərbaycan mənim vətənimdir, mən bu vətəndən heç vaxt vaz keçə bilməzdim və keçməyəcəm də. Sovet İttifaqı dövründə bir ölkədə yaşayırdıq. Bu gün Azərbaycan müstəqil və gözəl ölkədir, ailəmin məzarı orada olduğu üçün tez-tez ziyarət etməyə çalışıram. Onlara hörmət olaraq ildə ən azı bir neçə dəfə məzarlarına gedirəm. Azərbaycan Xarici Dillər Universitetində oxumuşam, orada gənclər təşkilatlarında çalışmışam, sonra Moskvada işləmişəm”, - jurnalist bildirib.

Qusman Türkiyə ilə bağlı fikirlərini də bölüşüb:

“Türkiyəni çox sevirəm. Mən onu təkcə unikal tətil və ya səyahət məkanı kimi deyil, həm də çox maraqlı tarixi, çox maraqlı mədəniyyəti olan bir ölkə kimi sevirəm. Azərbaycanda doğulduğumu, uzun illər Azərbaycanda yaşadığımı, vətənimdə qardaş türk xalqına necə münasibət bəsləndiyini bildiyimi dedim. Prezident İlham Əliyevlə Prezident Ərdoğanın necə qardaşlıq münasibətlərinin olduğunu bilirəm və görürəm. Fəxr edirəm ki, vətənimin lideri İlham Əliyevlə Prezident Ərdoğan arasında belə yaxın, hətta qardaşlıq münasibətləri var. Bu yaxınlarda Prezident Ərdoğan Azərbaycanda, Şuşada, Qarabağda, Bakıda olub”.


Müəllif: Mənsur Rəğbətoğlu