Ötən ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ilk iclası Praqada keçirilən Avropa Siyasi Birliyi sammitinin üçüncü turu oktyabrın 5-də İspaniyanın Qranada şəhərində baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.
Sammitin ən mühüm gündəm mövzularından biri Cənubi Qafqazdakı son durum olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı son antiterror tədbirlərindən sonra ilk dəfə Qranadada görüşəcək.
Nəşr qeyd edir ki, Ərdoğanın qatıldığı ilk sammitdə Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsində oynadığı kritik rol və həyata keçirdiyi uğurlu xarici siyasətə görə ən diqqətçəkən ölkələrdən biri olub.
Taxıl dəhlizinin yenidən işlək olması üçün bütün gözlər yenidən Türkiyəyə yönələcək.
Bundan əvvəl Avropa Birliyi (AB), Azərbaycan, Ermənistan, Fransa və Almaniya nümayəndələrinin Brüsseldə bir araya gəldiyi və liderlərin növbəti görüşündə tərəflərin sülh prosesini irəli aparması üçün konkret addımları müzakirə etdikləri bildirilib.
Prezident Əliyev və Paşinyan mayın 14-də Brüsseldə üçtərəfli görüşdə bir araya gəlib. İyunun 1-də isə Avropa Siyasi Birliyinin Moldova sammiti çərçivəsində Fransa Prezidenti Makron və Almaniya Kansleri Olaf Şolzun iştirakı ilə beştərəfli görüş keçirilib.
Əliyevlə Paşinyan arasında Qranada görüşü diqqət mərkəzində olacaq.
Avropa Siyasi Birliyinin Qranada sammitində Rusiya-Ukrayna müharibəsi ilə yanaşı iqtisadiyyat, miqrasiya, enerji və təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.