“Azərbaycanın Zəngəzur dəhlizi ideyası gerçəkləşəcək, Ermənistan da bununla barışmalı olacaq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri rusiyalı politoloq Yana Amelina deyib.
“Gəlin illüziyalara qapılmayaq. Həqiqəti etiraf etmək lazımdır, münaqişənin əsas hissəsi 2020-ci ilin payızında noyabr razılaşmasının nəticələri ilə Azərbaycan tərəfinin tam qələbəsi ilə başa çatmışdı. O zaman bəlli idi ki, Qarabağın Azərbaycana qaytarılması de-fakto və de-yure yaxın gələcəyin işidir və bununla bağlı heç bir illüziya olmamalıdır. Erməni tərəfinin və bəzi rusiyalı ekspertlərin üç il ərzində buna göz yumması sırf onların problemidir”, - ekspert bildirib.
Amelinanın sözlərinə görə, artıq hər şey aydındır, Azərbaycan ermənilərə manevr üçün meydan saxlamayıb: “İndi Qarabağ rəsmən Azərbaycana reinteqrasiya olunacaq və region erməniləri ya ərazini tərk etməli, ya da reallıqla barışmalı olacaqlar”.
Rusiyalı analitik Ermənistan dövlətçiliyinin dağılmasının qaçılmaz olduğunu iddia edir. Onun fikrincə, Azərbaycan Zəngəzur dəhlizindən keçəcək və bu, şübhəsizdir.
“Ermənistan qaçılmaz olanla (Zəngəzur dəhlizinin açılması ilə) barışmalı olacaq. Ermənistanın fikri heç kimi maraqlandırmır. Ermənistan son beş ildə subyektə yox, regional səhnənin obyektinə çevrilib, de-fakto onun artıq söz demək hüququ yoxdur. Necə deyərlər, vay halına uduzanların”, - Amelina əlavə edib.