“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfəri bizim üçün Qafqazda münaqişələrin regional potensial vasitəsilə həllinə öz nöqteyi-nəzərini ifadə etmək üçün fürsət oldu”.
Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib.
Onun sözlərinə görə, səfər iki qonşu ölkə arasında ikitərəfli münasibətlərə və Qafqazda baş verən hadisələrə nəzər salmaq məqsədilə danışıqların və təmasların davam etdirilməsi çərçivəsində baş tutub. Kənani bildirib ki, İran Qafqazdakı vəziyyətə böyük önəm verir və Ermənistan rəsmisinin ölkəsinə səfəri bu məsələlərin müzakirəsi məqsədilə həyata keçirilib. O, Tehranın Ermənistanla Azərbaycan arasında münaqişənin dayandırılmasını alqışladığını qeyd edərək, yenə də “sərhədlərin dəyişdirilməsi” hədyanından danışıb. O qeyd edib ki, İranın “beynəlxalq və geosiyasi sərhədlərdə istənilən dəyişikliyə” qarşı olduğunu vurğulayıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamalarına gəlincə, o, bildirib ki, Tehran regionun bütün ölkələrinin xeyrinə olacaq nəqliyyat şəbəkələrinin inkişafına sadiqdir, amma “beynəlxalq sərhədlərin dəyişdirilməsi və regiondan kənar müdaxilələr”ə qarşıdır.
Kənani onu da söyləyib ki, Azərbaycanın rəsmi nümayəndəsi İrana səfərə hazırlaşır, səfərin dəqiq tarixi yaxın vaxtlarda açıqlanacaq. O, həmçinin planlaşdırılan səfərlə yanaşı, hazırda bir sıra məsələlərlə bağlı ikitərəfli müzakirələrin aparıldığını deyib və qeyd edib ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası və Qafqazda baş verən proseslər bunlar arasında əsas yer tutur.