Vəziyyət heç də ürəkaçan deyil. Oğlum Tel-Əvivdə həkim işləyir. Hazırda yaralıları ərazidən çıxarır. İki nəvəm də əsgərlikdədir. Dinc əhalini, uşaqları və qadınları aparıb öldürməsindən dəhşətə gəlirəm. Müharibəni kişi ilə apararlar. Görüntülərə baxanda Xocalı soyqırımı gözümün önünə gəldi.
Bunu Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, ermənilər azərbaycanlılara qarşı nə ediblərsə, fələstinlilər də onu təkrarlayır:
"Ən acınacaqlı odur ki, Allah Əkbər deyib bu hadisələri törədirlər. İsrailin bizə dəstəyi çox olub. Ermənistana silah-sursat satmayıb, hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib. Hazırda millətimiz İsraili dəstəkləyir. Fələstin həmişə ermənilərə dəstək verib, buna baxmayaraq sülh istəyirəm. Nə İsrail, nə də Fələstində uşaqların ölməsini istəmirəm. Ermənilər Fələstin bayrağı ilə İrəvanda gəzirlər. İran HƏMAS terrorçu qrupuna köməklik edir. Orada döyüşən Fələstin camaatı yox, terrorist qruplarıdır".
İsrailə tez-tez getdiyini söyləyən Novella Cəfəroğlu qeyd edib ki, Qəzza bölgəsinə işıq, su təminatı, qida məhsulları İsrail tərəfindən gedir: "Qəzzada camaatı işlə təmin edən İsrail idi. İnsanların gününü qara edən terroristçular dünyadan yox olmalıdır. Ona görə də HƏMAS-ı, Hizbullahı dəstəkləyənlər düşmənimdir. Müharibənin bitməsini çox istəyirəm".