“Əslində Paşinyanın dediyi kontekstdən çıxarılmış cümlədir. Təxminən sülhməramlıların perspektivi ilə bağlı müzakirələrin getdiyini söyləyir. Yəqin onda məlumat var ki, Azərbaycanla Rusiya arasında Qarabağdakı hərbi kontingentin gələcəyi ilə bağlı müzakirələr gedir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, eyni danışıqlar Ermənistan hökuməti ilə aparılır:
“Bu haqda zaman-zaman informasiya ötürülür. Qarabağda qanunsuz silahlı birləşmələr yoxdursa, orada atəşkəsi təmin edəcək başqa bir qüvvə də olmamalıdır. Bu durumda Rusiyanın Qarabağda uzunmüddətli qalması mümkün deyil. Azərbaycan buna razı ola bilməz, olmamalıdır. Paşinyan da bu perspektivi hesablayır və çıxma ehtimalını əvvəlcədən nəzərə alır. Qarabağdan çıxacaq rus qoşunlarını Gümrüyə aparmaq Moskva üçün daha rahatdır. Ona görə də Paşinyan deyir ki, rus hərbçiləri Ermənistana yox, Rusiyaya getməlidir. Yəni Rusiya işarə edir ki, sizin Ermənistana gəlməyiniz arzuolunan deyil. Paralel bir proses də baş verir. ABŞ-dan sonra Fransa da qondarma adla Ermənistanla təlim keçirir. Təlimdən sonra Fransadan gələn hərbi kontingentin Ermənistanda qalma ehtimalı çox böyükdür. Yəni təlim adı altında Ermənistana gəlirlər, sonra oradan çıxmırlar. Bu şəkildə Ermənistana yerləşməyə davam edirlər”.
Natiq Miri qeyd edib ki. Fransa hərbi kontingentinin Nigerdən çıxarılması prosesi başlayıb:
“Nigerdə 1500-ə yaxın fransız hərbçisi var. Kimsə iddia edə bilməz ki, bu qoşunlar çıxarıldıqca Fransada yox, Ermənistanda yerləşdirilməyəcək. Birbaşa olmasa da, bu cür təlimləri bəhanə edərək 50-50 100-100 gəlib Ermənistanda yerləşəcəklər. Ona görə də Ermənistan hökuməti Rusiyanın ölkəsində daha da güclənməsini istəmir. Ən azı indiki vəziyyətin qalmasını istəyir.
Ermənistan hərbi təhlükəsizliyini artıq Rusiyanın yox, Qərbin hərbi təhlükəsizlik sisteminə bağlamağa qərar verib. Bu xüsusda konkret addımlar atılır. Bir tərəfdən Fransa ilə hərbi texniki əməkdaşlıq haqqında saziş hazırlanır, digər yandan ABŞ və digər ölkələrlə hərbi əməkdaşlığın daha da dərinləşməsi ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, Paşinyanın açıqlamasının cavabı budur”.
Politoloq prosesin Azərbaycanla bağlı hissəsinə diqqət çəkib:
“Tezliklə bu məsələyə son qoymaq lazımdır. Verilən açıqlamalar, səsləndirilən fikirlərdən hiss olunur ki, Rusiya üçün yeni mövzu yaratmağa çalışır. Rusiyanın prosesdə rol almasına imkan vermək olmaz. Çünki Moskva özü üçün süni mövzular axtarır ki, hərbi kontingenti uzun müddət Qarabağda qalsın. Düşünür ki, bununla Cənubi Qafqazda hərbi varlığını sürdürə bilər. Bu, Azərbaycana lazım deyil. Azərbaycan birmənalı mövqe ortaya qoymalıdır. Yaxın aylarda yox, yaxın günlərdə Rusiya hərbi kontingenti Azərbaycanı tərk etməlidir. Hara gedirlər, getsinlər, bu, onların öz işidir. Ukraynaya, Ermənistana və yaxud Rusiyaya göndərə bilərlər. Artıq bu, bizi maraqlandırmır. Rusların əlini sıxıb yola salmaq lazımdır”.