“Prezident İlham Əliyev böyük nüfuza malik, sözü imzası qədər dəyərli olan siyasətçidir. O, iştirak etdiyi bütün görüş və tədbirlərin ən arzuolunan qonağıdır. Azərbaycan Prezidenti həmkarları, tanınmış siyasətçilər üçün ən etibarlı tərəfdaşlardandır”.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Milli Məclisin sədri Sahibə Qafarova rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
Vurğulanıb ki, Azərbaycan Prezidentinə beynəlxalq arenada böyük nüfuz qazandıran, onun dünya liderləri sırasında özünəməxsus yerini və rolunu təmin edən səbəblər, ilk növbədə cənab İlham Əliyevə xas olan yüksək liderlik keyfiyyətləri ilə əlaqədardır. O, dürüst siyasətçidir, cəsarətlidir, təşəbbüskardır.
Spiker qeyd edib ki, Prezident İlham Əliyev hansı platformada varsa, harada təmsil olunursa, orada uğur qazanacağı heç kəsdə şübhə doğurmur. Onun nüfuzu, təşəbbüsləri bir çox qlobal problemlərin həllində əvəzolunmaz rol oynayıb:
“Biz bunu Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlara sədrliyində də aydın müşahidə etmişik. Azərbaycan BMT Təhlükəsizlik Şurasına formal xarakterli sədrlik etmədi, Prezident İlham Əliyev bu yüksək kürsüdən beynəlxalq münasibətlər sistemində, o cümlədən, BMT-nin özündə mövcud olan qüsurları, problemləri açıq və cəsarətlə qınadı, islahatlara çağırış etdi.
Yaxud, bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrin liderləri də etiraf edirlər ki, Azərbaycan və onun rəhbəri bu təşkilata sədrlik etməyə başlayana qədər Qoşulmama Hərəkatı faktiki olaraq, hərəkətsiz, qeyri-effektiv bir qurum təsiri bağışlayırdı. Azərbaycan və onun lideri bu təşkilata ikinci həyat bəxş etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşkilatın institusional inkişafında mühüm rol oynayan hadisələr olmuşdur. Türk dövlətləri arasında birliyin, əməldə həmrəyliyin təmin olunması, müsəlman ölkələri arasında əməkdaşlığın gücləndirilməsi məhz Azərbaycanın və onun liderinin bu təşkilatlarda aktiv fəaliyyətinin nəticələridir”.
Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanın gələcəyi üçün hər zaman böyük düşünür, möhtəşəm planlar qurur:
“Bir zaman sonra biz Azərbaycanın gündən-günə dəyişən, inkişaf edən mənzərəsi fonunda cənab Prezidentin düşüncələrinin reallığa çevrildiyinin şahidi oluruq. Bir çox dövlətlərin, hətta dünyanın böyük xalqlarının əsrlərlə əldə edə bilmədiyi nailiyyətləri Azərbaycan dövlət başçısının səriştəsi və idarəçilik bacarığı sayəsində bir neçə ilə qazanmaq bacarığı nümayiş etdirir.
Bəlkə də illər öncə bu gün Azərbaycanın məhdud saylı kosmik ölkələr sırasında yer alacağını söyləsək, etiraf edək ki, bu, xəyal kimi görünə bilərdi. Bu gün Azərbaycan dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir, dünyanın ən nüfuzlu elm xadimlərini Bakıda bir araya gətirir, paytaxtımız qlobal gündəmi, trendləri müəyyənləşdirən müasir innovasiyalar məkanı kimi qəbul edilir. Bu, eyni zamanda, Azərbaycan dövlətinin rəqabətli insan kapitalı, intellektual cəmiyyət quruculuğu istiqamətində həyata keçirdiyi siyasətin təntənəsidir”.