“Bizim Yaxın Şərqdəki hadisələrə mövqeyimiz digər sivil ölkələrin mövqeyindən fərqlənmir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert ermənilərin Azərbaycana qarşı apardıqları yeni kampaniyaya diqqət çəkib:
“Ermənistan və erməni lobbisinin dezinformasiya maşını Azərbaycana qarşı növbəti kampaniyaya başlayıb. Erməni saytları İsrailin Qəzza zolağını bombalaması və bu zaman mülki insanların ölümü fonunda İsrail-Azərbaycan hərbi əməkdaşlığına dair müxtəlif dillərdə şişirdilmiş və həqiqətə uyğun olmayan xəbərlər və analizlər yayımlayırlar. Azərbaycanın İsraildən hərbi texnika alması və bu ölkəyə neft satması məlum faktdır. Bu, bizim təbii haqqımızdır, modern silahlara və enerji resurslarımızı almaq istəyən dövlətlərlə əməkdaşlığa ehtiyacımız var. Erməni saytları buna əlavə olaraq, guya İsrailin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məlumatları toplayan mərkəzlərin fəaliyyət göstərdiyi barədə saxta analizlər yayırlar.
Erməni lobbisi bu cür saxta analizləri xarici ölkələrdəki bir sıra mərkəzlərin əli də yaymağa müvəffəq olur. Məqsəd aydındır - bu yolla İran və bir sıra ərəb ölkələrində anti-Azərbaycan əhval-ruhiyyəsini gücləndirməyə çalışırlar. Bizim Yaxın Şərqdəki hadisələrə mövqeyimiz digər sivil ölkələrin mövqeyindən fərqlənmir. Bölgədə sülh istəyirik, mülki insanların ölümünü, xəstəxanalara və məktəblərə zərbələr endirilməsini pisləyirik və Fələstinin müstəqilliyi ilə bağlı BMT qətnaməsini dəstəkləyirik”.