Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdır. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir.
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir.
Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə rast gəlmək mümkündür".