Ermənistan Baş naziri Nikol Paşinyan Brüsselin vasitəçiliyi ilə Azərbaycanla yol xəritəsinin hazırlandığını açıqlayıb. Bir neçə gündən sonra liderlər Brüsseldə görüşəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, artıq Qarabağ münaqişəsi bitib, Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyiş mümkündür, amma qarşı tərəf sülhə hazır deyil:
“Qənaətimə görə, tərəflər görüşdə sərhədlərin müəyyənləşməsi və anklavların qaytarılması istiqamətində danışıqlar aparacaq. Bu da uzun sürən prosesdir, Qarabağa gəlincə, bu məsələ bitib. Yəni Azərbaycan üçün elə bir problem qalmayıb. Sülh Ermənistana lazımdır. Amma Ermənistan sülhdən yayınmaq üçün yeni oyuna başlayıb. İrəvan Azərbaycanı “etnik təmizləmə”də ittiham edərək, beynəlxalq platformalarda və danışaqlarda Baklya təzyiq etməyə çalışır. Bu baxımdan, ayrı-ayrı ölkələrin parlamentlərinin anti-Azərbaycan qətnamələri qəbul etmələri təsadüfi deyil. Paşinyan bir tərəfdə “etnik təmizləmə” iddiasıından, digər yanda “sülh”dən danışırsa, belə bir durumda sülh sazişini imzalamaq mümkün olmayacaq.
Paşinyan həqiqətən sülh istəyirsə, Azərbaycana yönəlik əsassız ittihamları lüğətindən çıxarmalıdır. Paşinyan belə davam etsə, Bakı danışıqlardan imtina etməlidir”.
Məhəmməd Əsədullazadə sülhə mane ola biləcək başqa bir məqama da diqqət çəkib:
“Brüssel görüşü ərəfəsində separatçıların İrəvanda etiraza qalxması, Samvel Şahmaryanın qəfil ortalıqda görünməyə başlaması da sülh prosesini pozmaq məqsədi daşıyır. Paşinyan yekun anlaşmadan yayınmaq üçün bundan da istifadə edə bilər.
Qarabağdan gedən ermənilər Paşinyan üçün başağrısına çevriləcək, bu da Azərbaycanla danışıqlarda əngəl yaradacaq. Bir sözlə, Ermənistan müstəqil olmadığı üçün sülh müqaviləsindən çəkinəcək. Brüssel görüşünə qədər belə təxribatlar davam edəcək. Ona görə də Azərbaycan Ermənistanın pozucu mövqeyini əsas götürərək, bir müddət sülh danışıqlarına fasilə verməlidir”.