22 Oktyabr 2023 14:51
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Müdafiə Nazirliyi Türkiyə Cümhuriyyətinin yaranmasının yüz illiyi münasibətilə Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təliminin sabah başlayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı nazirliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Türkiyə və Azərbaycan quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimi və müştərək əməliyyatlar həyata keçirmə qabiliyyətinin artırılmasına sabahdan start verilir. “Təlimdə xidmət göstərəcək F-16 təyyarələrimiz Azərbaycana gəlib”, - nazirliyin sosial media hesabındakı açıqlamada bildirilir.

Azərbaycanın Müdafiə Nazirliyi isə ötən gün iki ölkənin Hərbi Hava Qüvvələrinin "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlərin keçirildiyini bildirib.

Qeyd edilib ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.

Oktyabrın 23-25-də keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər