16 Yanvar 2015 18:13
1 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhər Məhkəməsində Cənub TV-nin direktoru Gülbəniz Mayılovanın bir qrup şəxs tərəfindən “Facebook” sosial şəbəkəsində təhqir olunması ilə bağlı verdiyi şikayətə baxılıb.

Gülbəniz Mayılovanın nümayəndəsi Ədalət Səfərov Teleqraf.com-a bildirib ki, 18 dekabr 2014-cü il tarixdə “Facebook” sosial şəbəkəsində Əli Teymurovun şəxsi profilində “Cənub” regional televiziyasında müxtəlif vəzifələrdə çalışmış, işin öhdəsindən gələ bilməyərək işdən azad olunan Teymurov Əli Əkrəm oğlu, Şahverdiyev Elçin Rasim oğlu, Əhmədova Aynur Əhməd qızı və Yusubov Rəşad Yusub oğlu tərəfindən CTV-nin direktoru Gülbəniz Mayılovanın və ümumilikdə televiziya əməkdaşlarının şəxsiyyətini, şərəf və ləyaqətini təhqir ediblər.

Nümayəndə bildirib ki, həmin şəxslər şirkətin işgüzar nüfuzuna ciddi xələl gətirəcək hərəkətlərə yol veriblər: “Həmin şəxslərin əməlində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsinin tərkibi olması toplanmış materiallarla tam təsdiq olunub. Odur ki, Gülbəniz Mayılovanın ərizəsi xüsusi ittiham qaydasında şikayət olaraq baxılması üçün 6 Yanvar 2015-ci il tarixdə Lənkəran rayon Məhkəməsinə verilib. Yanvarın 13-də hakim Mütəllim İsayev işə baxıb. Həmin gün Şahverdiyev Elçin Rasim oğlunun müdafiəçi ilə təmin olunmamasını əsas götürərək işə baxılmasını yanvarın 16-na təyin edilib. Həmin gün Mayılova Gülbəniz Məmmədağa qızının xüsusi ittiham qaydasında şikayət ərizəsi icraata götürülməkdən imtina edilib”.

Nümayəndə onu da əlavə edib ki, hakimin elan etdiyi qərarda imtina ilə bağlı heç bir əsas göstərilməyib: “Halbuki, qanuna əsasən hakim imtina qərarını əsaslandıraraq elə məhkəmə zalındaca tərəflərə elan etməli idi. Çox qəribədir ki, hakim özünü prosesdə elə aparırdı ki, sanki kimlər qarşısındasa öhdəçilik götürüb, vacib tapşırıqları yerinə yetirirdi. Bundan başqa, həmin işdə CTV-nin direktoru olaraq, həm də bir qadın olaraq ünvanına son dərəcə ədəbsiz, nalayiq ifadələr işlətmiş və digər şəxsləri də buna təhrik etmiş Elçin Şahverdiyevin bu günki məhkəmə prosesində iştirak etməməyinə də hakim Mütəllim İsayev heç bir reaksiya vermədi. Həmin şəxslər tərəfindən “Facebook” səhifəsində yazılı qaydada qadının insana belə yaraşmayan sözlərlə təhqir olunmasına baxmayaraq Mütəllim İsayev hakim adına ləkə gətirən hərəkətlərə yol verərək bizə məlum olmayan maraqları səbəbindən, kimlərinsə sifarişini yerinə yetirməklə qanunsuz qərar qəbul etdi. Hakim Mütəllim İsayev unutdu ki, onun da ailəsində və yaxın ətrafında qadınlar var. Həmin qadınların da bu dərəcədə nalayiq formada təhqir olunmasına, görəsən o, hakim kimi demirəm, bir insan olaraq bu cürmü reaksiya göstərəcəkdi? Hər halda bu gün keçirilən məhkəmə prosesi bir çox məqamlardan xəbər verdi”.

Nümayəndə bildirib ki, hakimin bu qanunsuz qərarı ilə bağlı Şirvan Apelyasiya Məhkəməsinə şikayət veriləcək: “Əminəm ki, hakim Mütəllim İsayevin qanunsuz qərarına qanuni reaksiya verilən tapılacaq”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər