23 Oktyabr 2023 20:38
3 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransanın Ermənistanla hərbi sazişi Azərbaycanla sülh müqaviləsinə qarşıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, artıq İrəvan qərarını verib, Parislə hərbi əməkdaşlığı inkişaf etdirəcək:

“Paris Azərbaycan-Türkiyə ittifaqına qarşı Ermənistanla birlikdə bölgədə tarazlıq yaratmağa çalışır. Hesab edirəm ki, Fransanın Ermənistanı silahlandırmasının səbəblərindən biri də budur.

Uzun illər Ermənistanı silahlandıran Rusiya artıq bu ölkəyə silah axınını dayandırıb. Fransa isə Rusiyanın yaratdığı boşluğu doldurmağa çalışır.

Avropa ölkələri Azərbaycanla Ermənistan arasındakı münaqişəyə görə hər ikisinə silah satışına qeyri-rəsmi qadağa qoymuşdu. Münaqişə başa çatsa da, sülh sazişi imzalanmayıb, buna görə də yeni müharibə riski var. Hesab edirəm ki, Fransanın Ermənistanla silah sazişi Azərbaycanın İtaliya, Britaniya və digər Avropa ölkələri ilə silah sazişi imzalamasına gətirib çıxaracaq.

Ermənistanın maliyyə imkanları bir neçə ölkə ilə irihəcmli silah sazişi bağlamağa imkan vermir. Hazırda belə bir anlaşma ancaq Fransa ilə mümkündür. Ermənistandan fərqli olaraq, Azərbaycanın eyni anda bir neçə ölkə ilə silah sazişi imzalamağa imkanları var. Bir çox Avropa ölkəsi Azərbaycanla belə bir sövdələşmədə maraqlı ola bilər. Həmin ölkələrdən biri elə Fransanın özüdür. Hazırda özünə yeni bazarlar axtaran Fransanın Azərbaycandan gələcək təklifə “yox” deyəcəyini düşünmürəm”.

Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan silahlanıb yenidən sərhəddə təxribatlara əl ata biləcəyini düşünür:

“Ermənistan həmişəki kimi yanılır, Azərbaycanın hərbi gücü imkan verir ki, bundan sonra da belə təxribatlara ən sərt formada cavab versin. Bəli, Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında həm də ona görə maraqlı deyil ki, öz silahlarını sata bilsin, eləcə də Ermənistan vasitəsilə regionda mövqeyini gücləndirsin. Çünki sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanın Türkiyə və Azərbaycanla əlaqələri normallaşacaq. Bu da Parisin Cənubi Qafqaz siyasətini poza bilər.

Fransanın hazırkı siyasəti regionda qeyri-sabitliyin davamına xidmət edir. Paşinyan Makronun diktəsi ilə hərəkət etməyə davam etsə, sülh olmayacaq, bu isə Ermənistanın xeyrinə olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər