Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Esmira Eyyubova ifadə verib.
Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, həyat yoldaşı Kamil Eyyubov 1991-ci ildə könüllü Milli orduya yazılıb, Meşəli hadisələrində mühasirəyə düşüb və orada güllələnib.
Esmira Eyyubova bildirib ki, Vaqif Xaçaturyanın insanlara işgəncə verməsini eşidib. O, Vaqif Xaçaturyana ağır cəza verilməsini istəyib.
Daha sonra ifadə verən zərərçəkmiş Qərib Cəbiyev deyib ki, Meşəli kəndinin sakinidir, həmin hadisələr zamanı 10 yaşı olub. O, hadisənin baş verməsini də danışıb.
Bildirib ki, həmin hadisələr zamanı çaydan keçəndə ayaqları donub: "Üç ay müalicə aldım. Xaçaturyan deyir ki, hadisələrdə iştirak etməyib. Badara kəndinin qadınları da üstümüzə gəlmişdilər. Kəndi talan edirdilər. Biz həmin vəhşiliyi görmüşük. Atam kənddə qaldı, döyüşdü, biz isə meşə yolu ilə kənddən çıxdıq.
Hadisələr zamanı anam Solmaz da xəsarət alıb. Atam sonradan danışanda hücum edənlərdən Vaqifin, qardaşı Qürgenin adını çəkirdi".
Zərərçəkmiş bildirib ki, ayaqlarını don vurduğu üçün Laçında xəstəxanada müalicə alıb. O, Vaqif Xaçaturyana ən ağır cəza verilməsini istəyib.
Vaqif Xaçaturyan iddia edib ki, hücum edənlər arasında Badara kəndinin qadln sakinləri olmayıb. Prokurorun "əgər orada yox idinizsə, nə bilirsiniz ki, hücum edənlər arasında qaıdn olmayıb" sualına Vaqif Xaçaturyan cavab verə biləməyib. Yenı də iddia edib ki, hadisələrdə iştirak etməyib.
Zərərçəkmiş Camal Allahverdiyev bildirib ki, hadisədən sonra onu kimlərin törətdiyini müzakirə ediblər: "Vaqifin də adını çəkirdilər. Ernisin, Armayısın də adları çəkilirdi. Mən Xankəndində işləyirdim. Mən kranla palçıq qaldıranda dedilər ki, bu türkdür. Orada yerə yıxdılar. Bundan sonra atam məni Xankəndiyə işləməyə getməyə qoymadı.
Vaqif Xaçaturyan Meşəlini yaxşı tanıyıb. Bir bələdçi kimi camaatı qırmağa gəlmişdi. Deyə bilməz ki, orada olmayıb".
Zərərçəkmiş deyib ki, qardaşları ilə kəndin mühafizəsində olub. Qardaşı Allahverdi şəhid olub, qardaşı qızı qaçanda çaya düşüb və donaraq ölüb: "Qardaşımı öldürüb yandırıblar. Atam qardaşımın külünü yığıb, aparıb basdırdı. Vaqif, siz cinayətkarsız. Sən nə qədər kənarda qala bilərdin? Badara sakinləri gələ, sən qalasan?.."
Camal Allahverdiyev əlavə edib ki, hadisə zamanı özü və bacısı Əntiqə yaralanıb.
Proses sabah davam edəcək.