16 Yanvar 2015 22:43
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar faciəsi barədə daha bir məqalə Mərakeşin “İslah” qəzetində dərc olunub.

Məqalədə bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları erməni silahlı birləşmələri ilə birlikdə Bakıda dinc əhaliyə odlu silahlardan atəş açıb. Nəticədə həmin gecə 147 uşaq, qadın, qoca öldürülüb, yüzlərlə insan yaralanıb, qanunsuz olaraq həbs edilib.

Qeyd edilir ki, özünün və ailəsinin böyük təhlükə altında olmasına baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu təcavüzə etirazını bildirib, törədilmiş cinayətə görə Mixail Qorbaçovu ittiham edib, silahlı qüvvələrin dərhal Bakıdan çıxmasını tələb edib.

Teleqraf.com-un məlumatına görə, diqqətə çatdırılır ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə siyasi qiymət verib, həmin tarix ümumxalq hüzn günü elan edilib.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilir, beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğalçılıq siyasətinin dəfələrlə pislənməsinə, bununla bağlı bir sıra qətnamələr qəbul edilməsinə baxmayaraq, ermənilərin indiyədək bu siyasətdən əl çəkmədikləri diqqətə çatdırılır.

Müəllif beynəlxalq ictimaiyyətin, o cümlədən qardaş Mərakeşin Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti pislədiyini vurğulayır. Əlavə edir ki, Azərbaycan da öz növbəsində rəsmi Rabatın bu dostluq münasibətini yüksək dəyərləndirir.

Yazıda rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin ölkənin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının zəruriliyini bəyan, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə hörmətlə yanaşılmasını tələb etdiyi vurğulanır.

Diqqətə çatdırılır ki, 20 Yanvar faciəsi ilə bağlı anma mərasimləri təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də keçirilir.

Həmçinin qeyd edilir ki, həmin gün yüz minlərlə Azərbaycan vətəndaşı Şəhidlər xiyabanına gələrək yanvarın 20-də həlak olanların məzarlarını ziyarət edir, bütün ölkə üzrə bir dəqiqəlik sükut elan olunur.


Müəllif:

Oxşar xəbərlər