26 Oktyabr 2023 11:11
7 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana beş tələbi var”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Armen Rustamyan deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Qarabağla bağlı tələbləri Qərb tərəfindən qəbul edilib, məsələ həllini tapıb, Zəngəzur dəhlizi ilə bağlı isə fikir ayrılıqları var.

Rustamyanın fikrincə, Əliyev 5 tələbi ilə sülh müqaviləsini imzalamağa çalışır. Onun iddiasına görə, bunlardan biri Azərbaycanın tələbinə uyğun delimitasiya və demarkasiya, digəri anklavların geri qaytarılmasıdır. Rustamyan hesab edir ki, Ermənistan anklavları geri qaytarmasa, bu, rəsmi Bakı tərəfindən işğal faktı kimi qiymətləndiriləcək.

Prezident Əliyevin digər tələbinə gəlincə, deputat vurğulayıb ki, Azərbaycan öz ərazilərinin işğalı zamanı dəyən ziyana görə Ermənistandan 100 milyard dollar tələb edir. O, bunun yekun rəqəm olmadığını söyləyib.

“Bütün bunlarla yanaşı, qaçqınların Ermənistana qayıtması məsələsi də gündəmə gələcək. Əliyev Ermənistandan 1988-ci ilə qədər burada yaşamış azərbaycanlıların yaşayış məntəqələrinə qaytarılmasını tələb edəcək. Ermənistanda azərbaycanlıların yaşamadığı yer demək olar ki, yoxdur”, - Rustamyan bildirib.

Deputat iddia edir ki, Əliyevin beşinci – son tələbi Zəngəzur dəhlizi ilə bağlıdır.

Rustamyan hesab edir ki, Bakı sülh müqaviləsi ilə bağlı İrəvana göndərdiyi son mətnə bu 5 məqamı daxil edib:

“O mətnin məzmunundan xəbərimiz yoxdur, amma Azərbaycanın öz tələblərindən geri çəkilmədiyi göz qabağındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər