“Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsi bağlamaqda kömək etmək cəhdlərini davam etdirir və bu, regionda vəziyyəti sabitləşdirmək üçün lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Əlbəttə, səylər, nəhayət Bakı və İrəvana sülh müqaviləsinin bağlanmasına kömək etmək cəhdləri davam edir. Bu, regionda vəziyyəti sabitləşdirmək və bütün regionda daha müsbət, yaradıcı həyat səviyyəsinə nail olmaq üçün lazımdır”, - Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın “The Wall Street Journal”a müsahibəsində səsləndirdiyi fikirlə bağlı sualı cavablandırarkən bildirib.
Bundan əlavə, o qeyd edib ki, Kreml “Wall Street Journal”ı ilkin mənbə kimi qəbul etməyə meylli deyil, Ermənistan nümayəndələri ilə görüş zamanı bu məsələ ilə bağlı bütün məlumatları alacaqlarını gözləyirlər:
“Əlbəttə, Rusiya və Ermənistanın qəzetlər, xüsusən də “Wall Street Journal” vasitəsilə əlaqə saxlaması yaxşı deyil”.
Peskov vurğulayıb ki, Rusiyanın erməni dostları ilə dialoqda çox geniş gündəliyi var.
Paşinyan ABŞ-ın “Wall Street Journal” qəzetinə müsahibəsində Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin edə bilmədiyini demişdi.