28 Oktyabr 2023 00:09
14 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Macarıstan İran, Rusiya və Fransa kimi konsulluq xidmətini Qərbi Zəngəzurda açmağa qərar verərsə, bu, Budapeştin Azərbaycana yönəlik xoş olmayan addımı olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert macar nazirin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalara diqqət çəkib:

“Macarıstan xarici işlər naziri Peter Siyartonun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında söylədikləri diqqət mərkəzindədir. Birincisi, macar nazir deyib ki, ölkəsi Ermənistanda səfirliklə yanaşı, konsulluq xidməti də açacaq. İkincisi, o, təmsil etdiyi hakimiyyətin Macarıstanın erməni icmasına 13 il ərzində büdcədən maliyyələşməni 4 dəfə artırdığını vurğulayıb. Üçüncüsü, Macarıstanın “Wizzair” aviadaşıyıcısı İrəvan-Budapeşt reysini açacaq. Dördüncüsü, Macarıstan Ermənistanın 30 tələbəsinə təqaüd ayrıracaq. Beşincisi, macar nazir söyləyib ki, Macarıstan Qarabağı tərk edən ermənilərə 110 min dollar civarında maliyyə dəstəyi ayıracaq. Macarıstanın xarici işlər naziri bütün bunların yekunu olaraq, iki ölkə arasında münasibətlərin inkişafı üçün “xristianlıq amilinin əsas” olacağını bildirib.

Çox olmadı?

Anlayırıq ki, Macarıstan xarici siyasətdə şaxələnməyə üstünlük verir, Türkiyə və Azərbaycanla sıx tərəfdaşlığına rəğmən, Ermənistanla da əməkdaşlıq etmək istəyir. Bu, Macarıstanın hüququdur. Ancaq macar nazirin İrəvanda bəyan etdikləri Macarıstanın Ermənistanla əməkdaşlığı daha üst səviyyəyə qaldırmaq marağından irəli gəlir”.

Budapeştin Ermənistana artan marağı nə ilə bağlıdır?

Elxan Şahinoğlu xatırladıb ki, Macarıstan 2012-ci ildə zabitimiz Ramil Səfərovu Azərbaycana ekstradisiya etdikdən sonra Ermənistan bu ölkə ilə diplomatik münasibətləri dondurmuşdu:

“Ermənistan üstündən 11 il keçdikdən sonra bu ilin mayında Macarıstana səfir təyin edib. Macarıstan Baş naziri Viktor Orban ölkəsini türk dünyasının üzvü kimi görür. Doğrudur, bu məsələdə Orban praqmatik maraqlardan çıxış edir, Macarıstan Azərbaycan və Mərkəzi Asiyanın enerji imkanlarından faydalanır, regional layihələrdə yer almaq istəyir.

Maracıstan xarici işlər naziri Ermənistanda konsulluq xidmətinin açılcağının anonsunu verib, ancaq bunun yeri barədə açıqlama verməyib. Əgər Macarıstan İran, Rusiya və Fransa kimi konsulluq xidmətini Qərbi Zəngəzurda açmağa qərar verərsə, bu, Budapeştin Azərbaycana yönəlik xoş olmayan addımı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər