3 Noyabr 2023 11:47
2 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçıların İrəvanda (“Marriot” oteli) keçirdikləri qapalı görüşə Ermənistan müxalifətinin tanınmış simaları dəvət edilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Söhbət həm də Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyandan gedir. Nəşr qeyd edir ki, keçmiş separatçı rejimin başçısı Samvel Şahramanyan və adamları nədənsə Sərkisyan və Köçəryandan uzaq durmağa çalışırlar. Halbuki hər iki şəxsin parlamentdəki fraksiyaları separatçılara öz dəstəklərini bildiriblər.

“Hraparak”ın məlumatına görə, qapalı iclasdan sonra Şahramanyanla Sərkisyan arasında görüş keçirilib. Görüşün təşəbbüskarı Sərkisyan olub. Ermənistanın keçmiş lideri Şahramanyanla şəxsən tanış olsa da, ona yaxın deyil. Sərkisyan Şahramanyanla görüşmək və onu dinləmək arzusunda olduğunu deyib. Amma onların nədən danışdıqları açıqlanmır.

Noyabrın 1-də keçirilən qapalı görüşə gəlincə, “Hraparak” müzakirənin nəticələrinin ürəkaçan olmadığını yazır. Görüşdən yekdil qərar çıxmayıb.

Toplantının xeyli vaxtı Şahramanyanın separatçı rejimin ləğvi ilə bağlı “fərman”ının nəticəsiz müzakirələrinə sərf olunub. Müzakirənin əsas mövzularından biri də keçmiş qondarma rejimin saxlanması və İrəvanda fəaliyyətinin təmin edilməsi idi. Nəşr qeyd edir ki, Şahramanyan deyilənlərlə razılaşsa da, həvəssizdir. Ermənistan hökuməti buna görə onlara təminat və dəstək vermir, müxalifətin dəstəyi isə yetərli deyil.

“Mənbəmizin sözlərinə görə, müzakirə zamanı səslənən fikirlərin praktikada necə reallaşacağı bəlli deyil, dəqiqlik yoxdur. Hər şey Şahramanyan və komandasının üzvlərinin qətiyyətindən asılıdır, amma mənbəmizə görə, bu yöndə heç nə ürəkaçan deyil”, - məlumatda deyilir.

Qapalı iclasın təşkilatçısı Ermənistanın “Demokratik Birləşmə” Partiyasının sədri Suren Petrosyandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər