Çində bu günlərdə 10-cu Pekin Syanşan Forumu keçirildi. Tədbirdə müxtəlif ölkələrin müdafiə nazirləri iştirak edib. İştirakçılar arasında Azərbaycan müdafiə naziri Zakir Həsənov da vardı, eyni zamanda Ermənistan da təmsil olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri qeyd edirlər ki, Bakı Pekindən hərbi texnika almır, çünki Çinin hərbi texnikaları keçmiş SSRİ silahlarının oxşarıdır:
“Azərbaycan öz ordusunu NATO standartlarına əsasən inkişaf etdirir, buna görə də daha modern hərbi texnikaya üstünlük verir. Digər tərəfdən, Çin hərbi-sənaye kompleksinin məhsullarını əsasən öz ordusunun təminatı üçün istifadə edir. Buna baxmayaraq, Ermənistan Hindistanla yanaşı, Çinlə də hərbi-texniki sahədə əməkdaşlığa çalışır. Çinin Ermənistandakı hərbi attaşesi İrəvanda verdiyi açıqlamalarda iki ölkə arasında hərbi əməkdaşlığın mümkün olduğunu deyib. Çin Ermənistana silah və hərbi texnika satarsa, bu, Pekinin Azərbaycanla münasibətlərinə mənfi təsir edə bilər.
Pekindəki forumda iştirak edən Rusiya müdafiə naziri Sergey Şoyqu yenə Qərbi ittiham edib. Şoyqu Qərbin siyasətinin dünya üçün təhlükə yaratdığını bildirib. Bu “məntiq”ə görə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi beynəlxalq aləmə problem yaratmır, ancaq Qərbin Ukrayanaya hərbi dəstəyi beynəlxalq aləmə problem yaradır.
Eyni zamanda, Rusiya Nüvə Sınaqlarının Qadağan edən müqavilədən çıxmağa hazırlaşır. Bunun özü dünya üçün təhlükə yaradır. Şoyqu ABŞ-ın və müttəfiqlərinin Asiya-Sakit okeanı bölgəsində hərbi fəallaığının artırmasını da tənqid edib”.
Təhlildə qeyd olunur ki, toplantıda çıxış edən Çin təmsilçiləri Rusiyanın yaratdığı təhlükələrdən yox, Qərbin adını çəkmədən dünyadakı xaosu rəqiblərinin yaratdığına eyham vurublar:
“Bəzi ölkələr digər ölkələrin daxili işlərinə qarışır, sabitliyi pozur və “rəngli inqilab”lar yolu ilə təıxribata baş vururlar”, – deyən Çin rəsmisinin ABŞ-ı nəzərdə tutduğu aydındır. Pekindəki forumda Qərb ölkələri dünyada enerji və ərzaq böhranı yaratmaqda da ittiham edildilər. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamasaydı, dünyada enerji və ərzaq böhranı indiki səviyyədə olmazdı. Ancaq Pekində buna toxunulmadı.
Beləliklə, Çinlə Rusiya ABŞ-ın dünyada hegemonluğuna son qoymaq üçün birlikdə çalışır və bu məqsədlə müxtəlif forumlar, konfranslar və seminarlar keçirirlər. Bu toplantılarda dünya üçün əsas təhlükənin ABŞ-dan gəldiyi təlqin edilməyə çalışılır”.