“Qədim İrəvan: Hər daşı bir abidə” filmi Ermənistanın dövlət orqanarında narahatlıq yaradıb.
Teleqraf.com xəbər verir ki, söhbət QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Elmi Araşdırmalar” Birliyi tərəfindən çəkilən filmdən gedir.
Filmin bəzi hissələri İrəvanda azərbaycanlıların tarixən yaşadığı məkanlarda çəkilib. Çəkilişdə iştirak edən erməni alimlər, eskpertlər də təsdiqləyiblər ki, İrəvanın böyük bazarları, mərkəzi küçələri azərbaycanlılara məxsus olub.
Sosial şəbəkələrdə sürətlə məşhurlaşan bu film Ermənistanın dövlət strukturlarında çaxnaşma salıb.
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi açıqlama yayaraq İrəvandakı çəkilişlərdən xəbərsiz olduqlarını bəyan edib: "Çəkilişlə bağlı heç bir beynəlxalq təşkilatdan, xarici KİV-dən və ya digər şəxslərdən bizə məktub və ya ərizə (yazılı və ya şifahi) daxil olmayıb. Biz jurnalistləri Azərbaycanın teleqram kanalları vasitəsilə yayılan məlumatları yaymamağa çağırırıq”.
Ermənistanın daxili işlər və rabitə nazirlikləri də açıqlama yayaraq filmin çəkilişlərindən xəbərsiz olduqlarını bildiriblər.
İctimai Birliyin sədri Telman Qasımov mətbuata açıqlamasında bildirib ki, İrəvan şəhərində azərbaycanlılara məxsus tarixi abidələr, küçələr, evlər, qəbiristanlıqlar Ermənistan dövləti məqsədyönlü şəkildə dağılıb və ya özününküləşdirilib. Filmdə bu faktlar haqqında Hüseynəli xan Qacarın nəslindən olan şahidlər danışırlar: "Mən özüm də Qərbi Azərbaycandanam, İrəvanın Təpəbaşı məhəlləsində dünyaya göz açmışam. İnanıram ki, irəvanlıların öz əzəli torpaqlarına qovuşmasında bu filmin kiçik olsa, payı olacaq”.